Bayraqdar.info – Oktyabrın 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) məzunu, Aprel döyüşlərində şəhid olan Samir Kaçayev və Akademiyanın 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarının əsərlərindən ibarət sərgi təşkil edilib.
Xəbər bayraqdar.info-ya oktyabrın 29-da Təhsil Nazirliyindən verilib.
Xəbərdə bildirilir ki, sərgi Nazirliyin təşkilatçılığı və ADRA-nın dəstəyi ilə keçirilib.
“Sərgidə təhsil nazirinin müavini Firudin Qurbanov, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, ali məktəblərin prorektorları, akademiyanın, eləcə də digər ali təhsil müəssisələrinin Vətən müharibəsində iştirak etmiş tələbə və məzunları iştirak ediblər.
“Sərginin təşkilində məqsəd 44 günlük Vətən müharibəsi, eləcə də Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinin anılması, müharibədə iştirak edən tələbə və məzunlara diqqət və qayğının ifadəsi olub.
“Əvvəlcə ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Sərgidə çıxış edən Rəssamlıq Akademiyasının rektoru Ö.Eldarov məlumat verib ki, ADRA-nın “Təsviri sənət” fakültəsinin “Heykəltəraşlıq” kafedrasının məzunu, 2016-ci il aprel döyüşlərində şəhid olmuş, gənc heykəltəraş Samir Kaçayev 22 illik ömründə 30 heykəltəraşlıq işinə imza atıb.
“Sərgidə çıxış edən nazir müavini F. Qurbanov 8 noyabr – Zəfər Günü ilə bağlı ölkə səviyyəsində müxtəlif tədbirlərin təşkil edildiyini qeyd edib.
“Tədbirdə ADRA-nın müəllimi, heykəltəraş Zamiq Rzayev, Samir Kaçayevin atası Ziyatin Kaçayev də çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.
“Daha sonra şəhid məzun Samir Kaçayevin, eləcə də akademiyanın 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş tələbə və məzunlarının əsərlərindən ibarət sərgiyə baxış keçirilib.”, – deyə xəbərdə bildirilir.