Bayraqdar.info – Bakıda davam edən arıçılıq məhsullarının 21-ci sərgi-satış yarmarkasına arıçılar tərəfindən ən çox cökə balı satışa çıxarılıb. Azərbaycanın bütün iqtisadi bölgələrini təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 39 min 081 kq çökə balı gətirilib. Çökə balı yarmarka dövründə satışa təqdim olunacaq arıçılıq məhsullarının 1/3 hissəsini təşkil edir.
Xəbər bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.
“Bundan başqa arıçı fermerlər satışa 19 min 609 kq çiçək balı, 13 min 167 kq qaratikan balı, 7 min 775 kq may balı, 5 min 341 kq dağ balı, 5 min 08 kq biyan balı, 4 min 229 kq meşə balı çıxarıblar. Bundan başqa, yarmarkada çəmən balı, dağ-çəmən balı, şabalıd balı, yonca balı və digər bal növləri satılır.
“Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulunun çıxarılması nəzərdə tutulur. Bu məhsullar arasında bal ilə yanaşı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr və s. var.
“Arıçılıq məhsullarının 21-ci sərgi-satış yarmarkası noyabrın 7-dək davam edəcək”, – deyə KTN-in xəbərində belə deyilir.