Press "Enter" to skip to content

ABŞ-ın keçmiş vitse-prezidenti dedi, İran rəsmisi də təsdiqlədi

Bayraqdar.info – Dünyaca məşhur Newsweek jurnalı oktyabrın 28-də geniş məqalə yayımlayaraq İranın olduqca zəif duruma gəldiyinə diqqət çəkib.

Məqalə əsasən İranın nüvə çalışmalarına həsr edilsə də bu ölkənin ümumi durumu da diqqətə çatdırılıb.

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin Vaşinqtonda dilə gətirdiyi İranla bağlı fikirlərinə geniş yer verən jurnalda yazılanlar Azərbaycanın bu qonşu ölkəsinin doğrudan da fəlakət həddində olduğundan xəbər verir.

M.Pens bildirib ki, İran hakimiyyəti “tiraniya”dır və ölkə Prezidenti İbrahim Rəisi də “əzazil kütləvi qatil”dir. ABŞ nümayəndəsinə görə, İ.Rəisinin prezident seçilməsi “rejimin artmaqda olan ümidsizliyinin və zəifliyinin əlamətidir”.

Jurnal M.Pensin 2020-ci ilin yanvarında İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra dilə gətirdiyi fikirləri də xatırladıb. M.Pens o dövrdə Q.Süleymani və İranı 9/11 terror əməlində də günahlandırmışdı. M.Pens demişdi ki, Q.Süleymani “pis adam”dır və əlavə etmişdi ki, Prezident Donald Tramp “dünyanın ən təhlükəli terrorçusunu döyüş meydanından yox edib”.

M.Pens bu dəfə də fikrində qalaraq xatırladıb ki, “Q.Süleymani yox olub. O, dünyanın ən təhlükəli terrorçusu idi”.

ABŞ-ın keçmiş vitse-prezidenti İranın hazırkı iqtisadi durumuna da diqqət çəkərək deyib: “İran rejimi heç vaxt bugünkü qədər zəif olmayıb”. O, ölkədəki inflyasiya, işsizlik və bu kimi məsələləri qeyd edib: “Hazırda İranda hər beş nəfərdən biri yoxsulluq həddindən aşağı yaşayır”.

Bu arada əlavə edək ki, İran rəsmiləri də eyni gündə M.Pensin fikirlərilə üst-üstə düşən sözlər səsləndirib.

İran Ali Məsləhət Şurasının rəhbəri Sadiq Amuli Laricani ölkədə “cəmiyyətin zəif təbəqələrinin ağır şəraitdə yaşaması həqiqətən narahatlıq doğurur”, deyə bir açıqlama verib. Açıqlamanı İran mediası yayıb.

S.A.Laricani daha sonra əlavə edib ki, “ölkədə mövcud olan infilyasiya və zəif təbəqələrin ağır vəziyyətdə yasaması ciddi narahatlıq doğurur”.

“Bahalaşan qiymətlər evlərdən ərzaq mahsullarını uzaqlaşdırıb. Elə ailələr var ki, onların evində ət bişmir, meyvə və bir sıra zəruri məhsullar onların süfrəsində yoxdur və bu, narahatedicidir.” Bu fikirlər də S.A.Laricaniyə aiddir.

ABŞ təmsilçisinin və İran rəsmisinin fikirlərinin bu qədər üst-üstə düşməsi təsadüfdürmü? Deməyə çətinlik çəkirik…

Mission News Theme by Compete Themes.