Bayraqdar.info – Baş Prokuror Kamran Əliyev Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə bayraqdar.info-ya Baş Prokurorluqdan xəbər verilib.
“Görüşdə Baş Prokuror Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.
“K.Əliyev ölkədə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər haqqında danışıb. Baş Prokuror kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması istiqamətində görülən işlər haqqında məlumat verib. Daha sonra o, yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarələrinin fəaliyyət istiqamətləri barədə söz açıb. Bu sahədə Avropa Şurasının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
“Qonaq X.Cakumopulos Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların AŞ tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirib.
“X.Cakumopulos AŞ ekspertlərinin azərbaycanlı həmkarları ilə bundan sonra da sıx qarşılıqlı əməkdaşlıq şəraitində işləmək niyyətini ifadə edib. O, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib.
“Görüş zamanı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Azərbacanda icra vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.
“Görüşdə, Avropa Şurasının Bakı Ofisinin rəhbəri – səfir Zoltan Hernyeş də iştirak edib”, – deyə xəbərdə bildirilir.