Press "Enter" to skip to content

Sosial təminat sahəsində əməkdaşlıq inkişaf etdirilir

Bayraqdar.info – Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Bakıda səfərdə olan Qırğız Respublikasının Sosial Fondunun nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 28-də DSMF-dən məlumat verilib.

Bildirilib ki, görüşdə DSMF-nin sədr müavini Səfər Mehdiyev Fondun fəaliyyət istiqamətləri, əhalinin sosial sığorta sisteminin gücləndirilməsi, sosial müdafiəsi və pensiya təminatı sistemlərinin şəffaflığının təmin edilməsi, eləcə də səmərəliliyin artırılması istiqamətində görülən işlərdən danışıb. Son dövrlərdə Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən bəhs edilib. Eyni zamanda “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlükləri vurğulanıb.

Qırğız Respublikasının Sosial Fondunun nümayəndə heyətinin rəhbəri Bəxtiyar Boobəyov təmsil etdiyi qurum haqqında, görülən işlər və həyata keçirdiyi yeniliklər barədə məlumat verib.

Görüş çərçivəsində Azərbaycanda dövlət sosial sığortası üzrə ödəmələr, fərdi uçot və sosial sığorta məsələləri, pensiya təminatı sistemi ilə bağlı təqdimatlar olub, yeniliklər barədə məlumatlar verilib, bu mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qarşı tərəf Qırğızıstanda sosial təminat məsələrləri ilə bağlı təqdimat edib. Təqdimat zamanı bu ölkədə pensiya təminatı, pensiya sisteminin xüsusiyyətləri, əsas komponentləri, eləcə də əhalinin sosial təminatı barədə məlumat verilib.

Sosial təminat sahəsində iki qurum arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar 4 saylı DOST mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Mission News Theme by Compete Themes.