Bayraqdar.info – Oktyabrın 27-də öz işinə baslamış Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərcivəsində panel müzakirələr təşkil olunub. Panel müzakirələr “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” və “PostCOVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” mövzularında keçirilib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 28-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmilərinin, iş adamlarının, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə mövzular ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sammit iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən dağıdılmış və talan olunmuş ərazilərimizdəki vəziyyət, eləcə də hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri diqqətə çatdırılıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) prezidenti Hasan Basri Kurt, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPOMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycan Sahibkarlar (İşəgğtürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və “Dost Agriculture& Livestok Co”nun təsisçisi Abdulkadir Karagöz mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Həmçinin digər panellərdə də mövzular ətrafında çıxış və müzakirələr olub.
O da vurğulanıb ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti bu gün işini panel iclaslarla və startaplarin təqdimatları ilə davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilir.