Press "Enter" to skip to content

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib

Son yeniləmə: 28 Oktyabr 2021 18:45

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 28-də Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib.

Xəbəri oktyabrın 28-də Prezidentin Mətbuat xidməti yayıb.

“Dövlət başçısını salamlayan səfir Vasile Soare Rumıniya Prezidenti Klaus Yohannis tərəfindən imzalanmış etimadnaməni prezident İ.Əliyevə təqdim edib.

“Öz növbəsində səfiri salamlayan Prezident İ.Əliyev ona Azərbaycana xoş gəldiyini deyib. Ölkə başçısı səfirə Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniyanın çox mühüm rol oynadığını bildirib.

Səfir V.Soare Prezidentə təşəkkür edib. Bundan əvvəl Qazaxıstanda və Rusiya Federasiyasında səfir olduğunu diqqətə çatdıran V.Soare uzun illər boyu Azərbaycanla münasibətlərə kuratorluq etdiyini də bildirib. “2009-cu ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin, həmçinin Fəaliyyət Planının və bu mühüm sənədə daxil edilmiş layihələrin hazırlanmasında bilavasitə iştirak etmişəm”, – deyə səfir bildirib.

Prezidentin Mətbuat xidmətinin yaydığı digər məlumatda bildirilir ki, ölkə başçısı Qırğızıstanın yeni səfiri Kayrat Osmonaliyevin də etimadnaməsini qəbul edib.

Dövlət başçısını salamlayan səfir K.Osmonaliyev deyib: “Mənə epoxal əhəmiyyətli hadisələr dövründə Bakıya gəlmək şərəfi nəsib olub. Bu hadisələr nəticəsində tarixi ədalət və tarixi həqiqət zəfər çaldı. Qırğızıstan Azərbaycanın çətin günlərində həmişə bu çətinliklərə şərik olub, Azərbaycanın uğurlarına və nailiyyətlərinə sevinib.”

Səfir K.Osmonaliyev Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarovun səmimi salamlarını prezident İ.Əliyevə çatdırıb. O, ötən il və bu il pandemiya dövründə göstərilən köməyə görə təşəkkürünü bildirib. “Sadır Nurqojoyeviç Sizi Qırğızıstana dövlət səfərinə dəvət edir və Sizinlə ən yaxın vaxtda görüşməyə çox şad olacaq”, – deyə səfir bildirib.

“Daha sonra səfir K.Osmonaliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

“Prezident İ.Əliyev: “Mən də Qırğız Respublikasının Prezidentinə salamlarımı və ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm və onu da özü üçün münasib olan istənilən vaxtda Azərbaycana dəvət etmək istəyirəm.

“Bizim xalqlarımızı ortaq köklər bağlayır və Türk Şurası çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq. Bildiyiniz kimi, Azərbaycanın rəhbərlik etdiyi Türk Şurasının dövlət başçılarının yaxın bir ayda növbəti Zirvə görüşü keçiriləcək. Biz sədrliyi Türkiyəyə ötürəcəyik. Əlbəttə, bu sammit ölkələrimizi daha da yaxınlaşdıracaq. Türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlər və əməkdaşlıq çərçivəsində həllini tələb edən məsələlər çoxdur. Azərbaycan bizim Şuranın üzvləri olan ölkələrin yaxınlaşması üçün həmişə böyük səy göstərib.

Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik”, – deyə İ.Əliyev deyib.

Mission News Theme by Compete Themes.