Son yeniləmə: 27 Oktyabr 2021 22:56
Bayraqdar.info – “Bu kommunikasiya əsrində uçuşlar və müxtəlif kommunikasiya kanalları ilə əməkdaşlığı artırmaq, qarşılıqlı investisiyalar yatırmaq, mədəni və iqtisadi əlaqələri inkişaf etdirmək bizim ən böyük arzumuzdur”.
Bunu Qaziantepdə səfərdə olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, Qaziantep valisi Davud Güllə görüşən E.Tatar şəhərdə olmaqdan məmnunluğunu ifadə edib. Cümhurbaşqanı jurnalistlərə açıqlamasında KKTC-dən sevgi və hörmət gətirdiyini bildirib.
KKTC ilə Qaziantep arasında dəyərli əlaqələrin olduğuna diqqət çəkən E.Tatar 1974-cü ildən sonra buradan gedərək KKTC-də məskunlaşıb, evlənib, biznes qurub, ölkənin iqtisadi inkişafına töhfə verən qazianteplilərin olduğunu deyib.
Qaziantep Bələdiyyəsi və Türkiyə Cümhuriyyəti Bələdiyyələr Birliyinin sədri Fatma Şahinlə də görüşən E.Tatar, KKTC ilə Qaziantep arasındakı əlaqələrdən danışıb və Qaziantepin Türkiyənin ən inkişaf edən bölgələrindən biri olduğunu müşahidə etdiklərini söyləyib.