Son yeniləmə: 28 Oktyabr 2021 11:35
Bayraqdar.info – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəşri olan “Diplomatiya aləmi” jurnalı Türk Keneşinin Katibliyi ilə əməkdaşlıq çərçivəsində ölkəmizin quruma sədrliyinə həsr olunmuş xüsusi buraxılış dərc edib.
Bu barədə bayraqdar.info-ya Türk Keneşinin Katibliyindən məlumat verilib.
Bildirilib ki, xüsusi buraxılışda Türk Keneşinin hüquqi bazası, onun Azərbaycanla, həmçinin beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq istiqamətləri və əlaqələri haqqında ümumi məlumatlar öz əksini tapıb.
Jurnalda ayrıca Baş katib Bağdad Amreyevlə yanaşı, Türk Keneşinin müvafiq və tabe qurumlarının rəhbərlərinin məqalələri də yer alıb.
Qeyd edək ki, Baş katibin “Azərbaycanın sədrliyi dövründə Türk Keneşinin təsirinin artırılması” adlı məqaləsində ötən dövrə ətraflı nəzər salınıb.
Məqalədə təşkilatın Azərbaycanın sədrliyi dövründə fəaliyyəti, xüsusilə 2019-cu il oktyabrın 15-də Azərbaycanda keçirilən Türk Keneşinin 7-ci Zirvə Toplantısı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da keçirilən, COVID-19 pandemiyasına qarşı mübarizə mövzusuna həsr edilmiş və Türk Keneşinin tarixində ilk növbədənkənar Zirvə görüşünün yekunlarına istinad edilir.
Baş katib məqaləsində, həmçinin Türk Keneşi və türk dünyasının hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdiyini və 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduğunu bildirib.
Baş katib son olaraq Türk Keneşi və üzv dövlətlərin 2020-ci ildə həm təhlükəsizlik, həm də ictimai sağlamlıq təhdidlərinə qarşı sürətli və birgə yanaşmasının türk dünyasında əməkdaşlığın güclənməsinin mühüm göstəricisi olduğunu vurğulayıb. B.Amreyev bunun beynəlxalq böhran və təhlükələrə qarşı tək səs halında hərəkət etrmənin və regional həmrəyliyin artan əhəmiyyətini təsdiqlədiyini vurğulayıb. Həmçinin, bu çərçivədə regional və qlobal sülh və sabitliyə töhfə verən təşkilatın rolunu gücləndiyi ifadə edilib.