Press "Enter" to skip to content

Cavid Aydın: Vətən müharibəsindən sonra başımızı dik tutaraq gəzirik

Son yeniləmə: 27 Oktyabr 2021 18:08

Bayraqdar.info – Hazırda dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən diaspor təşkilatlarımız var. Azərbaycan haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması, o cümlədən ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, adət-ənənələrinin təbliği istiqamətində bu təşkilatların üzərinə mühüm vəzifələr düşür. Onu da qeyd edək ki, ötən ilin iyununda Ermənistanın əl atdığı növbəti təxribat zamanı, həmçinin 44 günlük Vətən müharibəsində diaspor təşkilatlarımız da imtahandan uğurla çıxdı. Bu gün isə həmin təşkilatlar öz fəaliyyətlərini yeni, postmüharibə dövrünün çağırışlarına uyğun quraraq atılan addımlara dəstək vermək üçün səy göstərirlər.

Bu məqamda qeyd edək ki, xaricdə öz fəaliyyəti ilə fərqlənən diaspor təşkilatlarımızdan biri də Eskişehir Azərbaycanlılar Dərnəyidir. (EsAzDer). Əslində, hələ Bakıda olarkən gələn xəbərlərdən Cavid Aydının rəhbərlik etdiyi bu dərnəyin öz fəaliyyətini bir çox istiqamətlərdə uğurla qurduğu təəssüratı yaranmışdı. Bir müddət öncə Eskişehirdə olarkən isə Dərnəyin fəaliyyəti ilə birbaşa tanış olmaq imkanı qazandım.

EsAzDer Eskişeherdəki bütün azərbaycanlıların evidir

Öncə onu deyim ki, üç universitetin fəaliyyət göstərdiyi Eskişehirdə 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Buna görə də Eskişehir Azərbaycanlılar Dərnəyi iki istiqamətdə daim çalışmaq zorundadır. Bu istiqamətlərdən biri orada daimi yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, digəri isə orada təhsil alan azərbaycanlı tələbələrin problemlərinin həllinə yardım göstərilməsidir. Buna görə də sözügedən dərnək az qala bir konsulluq kimi gərgin iş rejimində çalışır. Hər halda EsAzDer-in ofisində olarkən apardığımız müşahidələr nəticəsində gəldiyimiz qənaət belədir.Dərnəkdə olduğumuz bir neçə saat ərzində bəziləri tək, bəziləri də valideynləri ilə onlarla azərbaycanlı tələbə gəncin bu quruma gəldiyinin şahidi olduq. Maraqlandıqda qeyd edildi ki, bu tələbələr müxtəlif problemlərin həlli üçün Dərnəyə baş vururlar. Dərnək təmsilçilərinin sözlərinə görə, əslində, bu hal onlar üçün qeyri-adi deyil.

Bunu elə Dərnəyin sədri Cavid Aydın da təsdiqlədi: “EsAzDer buradakı bütün azərbaycanlıların evidir. Nəsə bir problem olanda təbii ki, ilk baş vuracaqları ünvan bizim dərnəyimizdir”.

Azərbaycanlı tələbə gənclərə hər zaman əlimizdən gələn dəstəyi göstəririk

Dərnək sədri əlavə etdi ki, hər dəfə yeni tədris ili başlayanda müraciətlərin sayı daha çox olur: “Bəzi gənclər hansısa sənədin hazırlanması, bəziləri yataqxana probleminin həlli, digərləri isə qeydiyyatla bağlı məsələlərin dəqiqləşdirilməsi üçün bizə müraciət edirlər. Biz də əlimizdən gəldiyi qədər onlara yardımçı olmağa çalışırıq”.

Bu məqamda vurğulamaq yerinə düşər ki, əslində, həmin tələbələr EsAzDer-in üzvləri deyillər. Səbəbini soruşduqda isə C.Aydın belə cavab verdi: “Öncə onu deyim ki, Eskişehir Azərbaycanlılar Dərnəyi 2010-cu ildən rəsmi olaraq fəaliyyət göstərir. 2010-cu ilə qədər isə bizlər – Eskişehirdə olan, yaşayan və oxuyan tələbələr olaraq rəsmi bir qurumumuz olmadan başqa qürumlar vasitəsilə Azərbaycanın tanıdılması yönündə fəaliyyətlər aparırdıq. Ancaq zaman içində Eskişehirdə yaşayan soydaşlarımızın sayının artması diaspor və lobbiçilik fəaliyyətinin zəruriliyini ortaya çıxardı. Beləliklə, 22 avqust 2010-cu ildə rəsmi açılışla dərnəyimizin quruluşunu bəyan etdik. Azərbaycançılıq ideologiyası, dərnəyimizin adından da göründüyü kimi, bizim üçün çox vacib rol oynayır. Məhz bu səbəbdən qurumumuzun adını Eskişehir Azərbaycanlılar Dərnəyi qoymuşuq. Məqsədimiz bütün soydaşlarımızı bu ideologiya ətrafında toplamaq və güclü lobbiçilik fəaliyyəti həyata keçirməkdir. Hazırda 96 nəfər rəsmi üzvümüz var. Ancaq bu, Eskişehirdəki azərbaycanlıların tam sayı deyil. Bu, rəsmi şəkildə dərnəyə üzv olanların sayıdır. Eskişehirdə 400 nəfərə yaxın azərbaycanlı tələbə var. Amma həmin tələbələr daimi olaraq Eskişehirdə yaşamadıqları, yəni, buranın vətəndaşı olmadılqları üçün onları rəsmi üzv etmirik. Yəni, Eskişehirdə daimi yaşamağa qərar verən və Türkiyə Cümhuriyyətinin vətəndaşlığını alan soydaşlarımızı EsAzDer-ə üzv edirik. Ancaq yuxarıda da vurğuladığım kimi, gənclər hər zaman diqqətimizdədir. Ümumiyyətlə azərbaycanlı tələbə gənclərə hər zaman əlimizdən gələn dəstəyi göstəririk. Özü də gənclər bizə təkcə problemlərinin həlli üçün üz tutmurlar. Gənclərimiz hər zaman dərnəyimizə rahat gəlir, imklanlarından istifadə edirlər. Onlar bizim rəsmi üzvümüz olmasa da könül dostlarımızdır. Dərnəyimizin aktivliyində ən böyük pay sahibi məhz gənclərimizdir. Ümumiyyətlə, ötən müddət ərzində həm Eskişehirdə yaşayan azərbaycanlıların, həm də bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizlə bağlı tədbirlərdə bir araya gəlməsi üçün var gücümüzlə çalışmışıq”.

Vurğulandı ki, gənclərlə işin səmərəli qurulmasında EsAzDer-in Gənclik Qolları xüsusi fəallıq göstərib: “Onu da deyim ki, pandemiyadan əvvəl iş adamlarının köməyi ilə 18-ə qədər azərbaycanlı tələbəyə təqaüd verirdik. Amma indi vəziyyət bir qədər dəyişib. İş adamları zərər görüb. Hazırda yenidən bu proqramı başlatmaq qərarına gəlmişik. Artıq üç təqaüdün razılığını almışıq. İnşallah, bu şəkildə də davam etdirəcəyik”.

EsAzDer olaraq tədbirlərimizi və gördüyümüz işləri saymaqla bitməz

Cavid bəylə söhbətləşə-söhbətləşə Dərnəyin otaqlarına da baş çəkdik. Dərnək sədri qeyd etdi ki, ötən müddət ərzində bir çox yaddaqalan tədbir və layihələrə imza atıblar: “11 illik fəaliyətimizdə geriyə dönüb baxdığımız zaman zəngin bir tədbirlər proqramını görə bilərik. Azərbaycanın bayram və faciəli günləri, tarixi hadisələrlə bağlı tədbirlərdən tutmuş ölkəmizin dahi şəxsiyyətlərinin, musiqisinin, mədəniyyətinin, tarixinin, Güney Azərbaycan və Qarabağ həqiqətlərinin tanıdılmasına qədər zəngin fəaliyyət proqramımız var. Bundan başqa, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümləri və anım günü ilə bağlı çeşidli tədbirlər keçirmişik. Mən az öncə gənclərlə bağlı görülən işlərə toxundum. Amma burada da yaranan imkandan yararlanaraq əlavə edim ki, tələbə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün EsAzDer tərəfindən müxtəlif müzakirələr, bilik yarışları keçirilir, müxtəlif istiqamətlərdə məşgələlər təşkil edilir. Həmçinin, “Çərşənbə söhbətləri” adlı həftəlik tədbirimizin də mövzularını seçərkən gənclərin istək və maraqlarını nəzərə alırıq. Bundan başqa, təbliğat istiqamətində medianın rolunu nəzərə alaraq Dərnəyimiz 2017-ci ildən etibarən hər 3 ayda bir “Üç Çizgi” adında elmi jurnal çıxarır. 2020-ci ildən isə Eskişehirin yerli televiziya kanalı olan EsTV-də “Üç Çizgi” adlı həftəlik proqramımız yayımlanır.

Ümumiyyətlə Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq tədbirlərimizi və gördüyümüz işləri saymaqla bitməz. Arzu edənlər son illərdəki bəzi tədbirlərimizin videolarına Youtube kanalımızdan da baxa bilərlər”.

Vətən müharibəsindən sonra başımızı dik tutaraq gəzirik

Söhbətimizi 44 günlük Vətən müharibəsində və postmüharibə dövründə Eskişehirdəki azərbaycanlıların fəaliyyəti ilə bağlı suala cavab almaqla yekunlaşdırdıq. C.Aydın sualımıza illər öncə yaşanan bir hadisəni xatırlatmaqla cavab verdi: “1999-cu il idi. Eskişehirdə tələbəliyimin birinci ili idi. Yenikend deyilən bir bölgədə qalırdım. O vaxt avtobus bizə pulsuz idi. Axşam vaxtı mən ordan gələndə avtobus boş idi. Bilet satan soruşdu ki, hardansan. Dedim Azərbaycandan. Kinayəli bir şəkildə dedi ki, burada nə gəzirsən, sizin Qarabağ işğal altındadır. Yəni həmin vaxtlar bizə bir yuxarıdan aşağı baxma var idi. Amma Vətən müharibəsindən sonra başımızı dik tutaraq gəzirik. Buna görə də cənab Prezidentə minnətdarıq. Biz o savaşda tarix yazdıq. Biz burada da bir azərbaycanlı olaraq qürur hissi keçiririk. Mən bundan öncə sizin sayta açıqlamamda həmin günlər istər ideoloji, istərsə də təşkilati baxımdan görülən işlər barədə məlumat vermişəm. Amma yaranmış bu imkandan istifadə edərək həmin günlərlə bağlı bəzi digər məqamları xüsusi olaraq vurğulamağı özümə borc bilirəm. Ümumiyyətlə, müharibə dövründə biz hər dəqiqə Azərbaycanla əlaqə saxlayırdıq. Həm də 44 gün ərzində bizi ziyarət edən insanlar çox oldu. Buradakı siyasi partiya, QHT təmsilçiləri ziyarət etdilər”.

C.Aydın qeyd etdi ki, həmin vaxt Eskişehir Azərbaycanlılar Dərnəyi iki kampaniyaya da başlayıb: “Birincisi, əsgərlərimizə yardım məqsədilə İstanbulda yaşayan azərbaycanlılarla birlikdə bir yardım kampaniyasına qoşulduq və pul köçürdük. İkincisini isə şəxsən EsAzDer olaraq biz başlatdıq. Mən özüm əczaçı olduğum üçün Eskişehir Əzcaçı Odası ilə bir kampaniya başlatdıq və cəbhədə lazım olan dərman, iynə, mazlar və s. toplayıb burdan səfirlik vasitəsilə Ankaraya, ordan da Azərbaycana yolladıq. Bu kampaniyanın sonunda da dəstək olan qurumları ziyarət edib, onlara təşəkkür plaketi verdik”.

“Hazırda postmüharibə dövründə də Azərbaycanın haqlı səsi olmağa çalışırıq. Eskişehirdəki soydaşlarımızın birlik içində Azərbaycanı layiqli şəkildə tanıtması üçün addımlar atırıq”, – deyə, Dərnək sədri sonda bildirdi.

Mission News Theme by Compete Themes.