Bayraqdar.info – Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub.
Belə ki, ilk növbədə repatriantların olduğu yer və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
Vurğulanıb ki, uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib. İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Nəticədə ölkəmizin nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə Azərbaycana repatriasiyası həyata keçirilib.
Azərbaycan Respublikasına gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşının İraqdan repatriasiyasına müvəffəq olunub.
Qeyd olunmalıdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək.