Bayraqdar.info – Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens arasında görüş keçirilib. Görüş UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya oktyabrın 27-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin, Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonağa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib.
Qonaq bugünədək Dövlət Agentliyi ilə UNICEF arasında bir sıra uğurlu layihələrin həyata keçiridiyini qeyd etmiş və bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Bundan əlavə ASAN İnnovativ İnkişaf Mərkəzi və UNICEF arasında təlimlər istiqamətində əməkdaşlığın həyata keçirilməsi ilə əlaqədar ilkin razılıq əldə olunub.
Həmçinin uşaq hüqüqlarının müdafiəsi, onların intellektual, psixoloji inkişaflarına dəstək sahəsində mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Eləcə də qeyd olunan istiqamətlər üzrə maarifləndirici layihələrin icra edilməsi ilə bağlı müzakirələr edilib.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.