Məcid Cavadi (Araz)
Son zamanlar Azərbaycanla İran arasında gərginliyin artması ilə fars millətçiləri Quzey Azərbaycanın tarixi İranın bir hissəsi olduğunu və ona görə İranın indi Quzey Azərbaycana qarşı ərazi iddiası irəli sürə biləcəyini iddia edirlər.
Bu iddia doğru deyil, bir neçə səbəbə görə;
Tarixdə bugünkü anlamda bir İran dövləti var olmayıb. İran bir siyasi-idari vahid kimi yeni bir varlıq sayılır və Azərbaycan bir idari vahid olaraq İrandan çox daha qədimdir.
Ümumiyyətlə Səfəvilərə qədər bu gün İran adlanan ərazidə bir dövlət olmayıb. Buralar ya böyük türk və ərəb imperatoriyaları tərəfindən idarə olunub, yaxud da kiçik-kiçik dövlətlər olub bu torpaqlarda.
Farslar, daha doğrusu taciklər İslamdan öncəki pers dövlətlərini qəsd edirlərsə, onların bugünkü taciklərlə (farslarla) heç bir əlaqəsi yoxdur və ancaq eyni coğrafiyanı paylaşırlar. Bir çox tarix alimi etiraf edir ki bu gün İranda yayğın olan tacik (fars) dili orta Asiyadan buralara gəlib və pers dili, latın və ya sanskrit dilləri kimi tarix səhnəsindən silinib.
Səfəvilərlə birlikdə buralarda bir vahid dövlət qurulub və ondan sonra İran adı ara-sıra istifadə olunmağa başlayıb. Amma yenə də Pəhləvilərədək dövlətlərin adı əsasən Qacar, Əfşar, Səfəvi kimi sülalə adları ilə anılıb. Səfəvilər, Əfşarlar və Qacarlar da əsasən türk dövləti olublar və onların varisi Azərbaycan türkləridir, taciklər yox.
Ayrıca, Səfəvi dövründən sonra – xanlıqlar dövründə Azərbaycan ən azı üç dövrdə (Fətəli Xan Əfşar Urumi, İmamqulu Xan Əfşar Urumi və Məhəmmədqulu Xan Əfşar Urumi) Zəncandan Talış və Dəmir Qapı Dərbəndədək tək parça olaraq müstəqil olub.
İran və Turan adları tacik ədəbiyyatında ari tayfaları və türk tayfalarının yaşadığı, sərhədləri isə tam bəlli olmayan iki mifoloji ad olub. İran təxminən müasir Xorasan, Turan isə təxminən Türküstan (Orta Asiya) olaraq ehtiva edilib.
Siyasi-idari vahid kimi Azərbaycan adı İran adından çox daha əskidir. İslam dövründən əvvəl olduğu kimi, İslam dövrünün əvvəlində və Səfəvi dövləti qurulana qədər Azərbaycanın həmişə ayrı hökmdarları və ya valiləri olub. Bu dövrlərdə isə İran adına bir ölkə və ya idari vahid kimi rastlanmır.
Qacar türk dövləti ilə Çar Rusiyası arasındakı Gülüstan və Türkmənçay müqavilələrindən sonra Quzey Azərbaycan Rusiya tabeliyinə keçdi. Qacar dövlətinin süqutu və İngilislərin hökuməti tacik azlığına verməsi ilə Güney Azərbaycan da praktiki olaraq müstəmləkə halına düşdü. Bu baxımdan Azərbaycanın tamamı həm parçalandı, həm də müstəmləkə oldu.
Pəhləvi hökuməti Qacar hökumətinin davamı olsaydı bəlkə Quzey Azərbaycanın bu ölkədən ayrılmasını qəbul etmək mümkün olardı. Amma Azərbaycan türk milləti baxımından Pəhləvi rejimi nəinki Qacar türk dövlətinin davamı deyil, hələ bir Azərbaycanın hakimiyyət haqqını qəsb etmiş, tarixi legitimliyi olmayan müstəmləkəçi bir dövlətdir.
Pəhləvi dövründə icad edilən saxta dövlət-millət anlayışı tarixi gerçəkliklərlə və mövcud faktlarla ziddiyyət təşkil edən müstəmləkəçi bir anlayışdır. Ona görə də Quzey Azərbaycanın bu müstəmləkə quruluşunun bir hissəsi olması bir yana dursun; Güney Azərbaycan vətənimizin müstəmləkə və işğal altında olan bir parçası kimi öz müqəddəratını təyin etmək hüququnu həyata keçirməlidir.
Bunların hamısı bir yana, artıq yüz ildən çoxdur ki Azərbaycanın quzeyi ayrı bir milli varlıqdır və günümüzdə bütün dünya onu müstəqil bir dövlət kimi tanıyır. Minlərlə şəhidin qanı ilə suvarılmış və möhkəmlənmiş bu istiqlal bir tarixi gerçəklikdir və kimsə onu geri çevirə bilməz. Bu baxımdan İranşəhrçilərin boş-boş danışmalarının heç bir dəyəri və əsası yoxdur.