Press "Enter" to skip to content

Prezident və Xanımı Xanlıq-Qubadlı yolunun təməlini qoydu, Qubadlı ictimaiyyəti ilə görüşdü

Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Bu barədə məlumatı Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Prezident və Xanımı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.

“Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və birinci xanıma Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları barədə məlumat verib.

“Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 km-dir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 km, eni 3,5 m olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun isə uzunluğu 23,5 km, eni 3,5 m olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir.

“Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 km uzunluğunda yeni avtomobil yolu inşa ediləcək. Qarabağın inkişaf planı nəzərə alınmaqla, Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

“Dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlini qoyub.

“Daha sonra Prezident və birinci xanım 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər.

““Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına və birinci xanıma yarımstansiya barədə məlumat verib.

“B.Rzayev Prezidentə bildirib ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 km məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. 150-160 MVt gücötürmə qabiliyyətinə malik yeni xətt layihələndirilərkən rayon üçün səciyyəvi iqlim parametrləri – buzlaşma, küləyin maksimal sürəti, qarın qalınlığı, çirklənmə və başqa amillər, o cümlədən baş verə biləcək qəza hallarının qarşısının alınması, lokallaşdırılması üçün zəruri sistem yaradılıb.

“Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib. Bu günə qədər “Azərenerji” ASC tərəfindən Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda 110 kV-luq yeni yarımstansiyalar tikilib. Bütün yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb.

“Prezident yarımstansiyanı işə salıb.

“Ölkə başçısına bildirilib ki, “Qubadlı” yarımstansiyasının işçi personalı üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılması məqsədilə müasir texnologiyalar əsasında yeni İdarəetmə Mərkəzi tikilib. Yarımstansiyada iki ədəd 25 MVA gücündə transformator quraşdırılıb. Yarımstansiyanın idarəetmə sistemi müasir tələblərə cavab verən Micro SCADA sistemi yaradılmaqla “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarə edilməsi təmin olunub.

“Açılışlardan sonra Prezident İ.Əliyev və M.Əliyeva Qubadlının ictimaiyyət nümayəndələri ilə görüşüb söhbətləşiblər. Prezident: Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir vəbundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək. Bu münasibətlə sizi və bütün qubadlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.

“25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.