Press "Enter" to skip to content

Meltem Erensoylu: Azərbaycan da bizə Türkiyə kimi Vətəndir – VİDEO

Son yeniləmə: 25 Oktyabr 2021 21:53

Bayraqdar.info – Çağdaş türk musiqisinin tanınmış adlarından olan Meltem Erensoylunun Azərbaycanda, Bakıda konsert verməyə hazırlaşdığı barədə xəbər vermişdik. Qeyd edək ki, həmin xəbər oxucularımız tərəfindən böyük maraqla qarşılanıb. Həm bu marağı, həm də Meltem xanımın hələ uşaq yaşlarından Azərbaycana xüsusi sevgi ilə böyüdüyünü nəzərə alaraq, ondan müsahibə götürməyə qərar verdik. Sağ olsun, sıx konsert proqramının olmasına rəğmən suallarımızı cavablandırdı. Əminik ki, öncə hazırladığımız xəbər kimi, bu müsahibə də həm Azərbaycanda, həm də Türkiyədə böyük maraqla qarşılanacaq.

Məni həyata bağlayan musiqi eşqidir

Beləliklə, ilk olaraq “Meltem Erensoylu kimdir” sualını cavablandıran müsahibimiz aşağıdakıları bildirib: “Meltem Erensoylu 20 il öncə İstanbul Texnik Universitetinin birinci kursunda oxuyarkən Ferdi Tayfurla tanış olaraq musiqi həyatına peşəkar addım atan aparıcı müğənnilərdən biridir. Məni bu sənətə bağlayan daxilimdəki musiqi eşqidir. Yəni özümü kəşf etdiyim an – 3 yaşımdan etibarən mahnı oxumağa başlamışam. Məni hazırda həyata bağlayan musiqi eşqidir”.

Bu günə kimi bir neçə musiqi albomu çıxaran M.Erensoylunun Türkiyənin hansı sənətçiləri ilə çalışdığına gəlincə, müsahibimiz deyib: “Qeyd edim ki, “Olanlar oldu” adlı ilk albomum 2001-ci ildə Ferdi Tayfurun təşəbbüsü ilə “Ferdi Fon Müzik” tərəfindən istehsal edildi. Bu albomda Ferdi Tayfur klipin hazırlanmasında iştirak etdi, mahnılarıma vokal yazdı. Sonra 2011-ci ildə təkbaşına “Kırmızı mumlar” adlı albom çıxardım. Bunun ardınca “Hey ya” mahnımın singlini çıxardım. Daha sonra Mustafa Cecelinin aranjemanlığı ilə Ferdi Tayfurun “Sevda yelləri” mahnısını yenidən oxudum və albom çıxardım. DMC istehsalı olan həmin mahnıya M.Ceceli vokal da yapdı, hətta müxtəlif musiqi alətlərində ifa da etdi. Ən son olaraq isə bu il beş mahnılıq bir maksi albom çıxardım. O albom da DMC-də istehsal olundu. Albomdakı “Yanmış bir ürək var” mahnımıza klip çəkdik. Yəni o albomda 4 əsər və “Yanmış bir ürək var” mahnısının yeni versiyası var. Sualınızın ikinci hissəsinə gəlincə, deyə bilərəm ki, bütün tanınmış sənətçilərlə çalışdım. Mən ilk olaraq Ferdi Tayfurla çalışdım. Daha sonra Müslüm Gürses, Bülent Ersoy, Muazzez Abacı, Orxan Gencebay, Tarkan, Serdar Ortaç, Hadise, Mustafa Ceceli və s. musiqiçilərlə səhnəni bölüşdüm”.

Atam bizə Zeynəb Xanlarovanın mahnılarını dinlədərdi

“Azərbaycandan tanıdığınız bəstəkarlar, müğənnilər varmı və Azərbaycan mahnısı oxudunuzmu” sualına ilkin olaraq “Bu məsələdə çox şanslıyam” cavabını verən müsahibimiz buna görə rəhmətlik atasına minnətdar olduğunu deyib: “Çünki rəhmətlik atamın musiqi valları vardı. Mən hələ 4 yaşımda Zeynəb Xanlarova ilə qiyabi olaraq tanış oldum. Yəni atam bizə Zeynəb Xanlarovanın mahnılarını dinlədərdi və mən Zeynəb xanımın gözəl mahnıları ilə böyüdüm. Artıq 5 yaşımdan etibarən isə onun mahnılarını oxumağa başladım. Hətta orta məktəb illərində Qafqaz qrupunda idim. Biz Qafqaz rəqsləri oynayıb mahnılar oxuyurduq. Ona görə də bu sualınız mənim üçün çox özəldir. Hətta sualı cavablandırarkən gözlərim də yaşardı. Zeynəb Xanlarova çox böyük ustaddır. 4 yaşımda olarkən belə bir sənətçini tanımaq, yəni onun mahnılarnı dinləmək və 5 yaşımdan etibarən bu gözəl sənətçinin mahnılarını oxumaq xoşbəxtliyi əldə etmişəm. Yeri gəlmişkən, aşağı siniflərdə Zeynəb xanımın “Ceyran” mahnısını oxuyurdum. İndi də o mahnıdan bir bənd oxuya bilərəm:

Araqçının məndədi, Ceyran
Sərmişəm çəməndədi, Ceyran.

Deyim ki, bu mahnını bir daha oxumaq istəyərəm. Bir daha atama təşəkkür edirəm ki, vaxtı ilə bu mahnıları mənə dinlədib. Sizə isə minnətdarlıq edirəm ki, bu sualı verib, məni uşaqlıq illərimə apardınız”.

Biz Vətən, millət eşqi ilə, milliyyətçilik duyğusu ilə böyüdük

Yeri gəlmişkən, M.Erensoylunun Azərbaycan sevgisini onun sosial şəbəkə hesablarındakı paylaşımlarından da hiss etmək mümkündür. Onun özü isə bunu belə dəyərləndirib: “Biz Vətən, millət eşqi ilə, milliyyətçilik duyğusu ilə böyüdük. Ailəmizdə, atam müəllim olduğu üçün bizə bu sevgini aşıladı. Ayrıca təkrar edirəm ki, hələ 4 yaşımda olarkən Azərbaycan haqqında eşitdim. Hətta uzun illər biz elə bildik ki, Azərbaycanla Türkiyə sadəcə bir dövlətdir. Yəni Azərbaycan deyiləndə biz özümüzü bildik. Yalnız böyüdükdən sonra bildik ki, Azərbaycan ayrı dövlətdir. Amma bu da bir şeyi dəyişdirmədi. Çünki bu, bir Vətən sevgisidir. Azərbaycan da bizə Türkiyə kimi Vətəndir. Vazkeçilməzdir. Bu Azərbaycan sevgisini, Vətən sevgisini bizə rəhmətlik atam təlqin etdi. Böyüdük və bir daha əmin olduq ki, Azərbaycan demək elə biz deməkdir. Onu da deyim ki, bayraqdar.info-da mənim haqqımda xəbərin məhz oktyabrın 18-də, Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının 30-cü ildönümünü günündə dərc edilməsini də təsadüfü hesab etmirəm. Düşünürəm ki, bu, bir ilahi işarədir. Mənim Azərbaycan sevgimin daha bir təzahürüdür. Sizlər mənim üçün çox qiymətlisiniz”.

Meltem xanım bildirir ki, bu sevgidən güc alaraq tez bir zamanda Azərbaycanda konsert verməyi planlaşdırır: “Artıq bu konsertlə bağlı ilkin danışıqlar aparılıb. Hazırda konsert təqvimlərimizi nəzərdən keçiririk. Çox həyacanlıyam. İlk dəfə Azərbaycanda olacağam. İllərdir Azərbaycana gəlməyi çox istəyirdim. Vaxtı ilə Ferdi Tayfurla gəlməyi çox istəmişdik. İnanılmaz dərəcədə həyəcanlıyam. Repertuarımı belə hazırlamağa başlamışam. Çalışacağam ki, azərbaycanlı qardaşlarımızın xoşladığı mahnıları oxuyum. Təbii ki, repertuarımda bir neçə Azərbaycan mahnısı da olacaq və şübhəsiz bu sırada dəyərli Zeynəb xanımın da mahnılarından olacaq. Çox gözəl sürprizlərim də olacaq”.

Mission News Theme by Compete Themes.