Son yeniləmə: 26 Oktyabr 2021 14:33
Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir. Bu məqsədlə Mərkəzin monitorinq qrupu Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının sifarişçi, podratçı və subpodratçıları ilə, eləcə də tikinti ərazisində çalışan işçilər ilə mütəmadi görüşlər keçirir.
Bu barədə bayraqdar.info-ya oktyabrın 26-da “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, cari ilin 13-25 oktyabr tarixində 95 tikinti obyektində tikinti şirkəti nümayəndələri ilə maarifləndirici görüşlər təşkil olunub. Əmək münasibətlərinin rəsmiləşdirilməsini təşviq edən görüşlər zamanı tikinti fəaliyyəti subyektlərinə Mərkəzin fəaliyyəti ilə yanaşı, əmək müqavilələrinin sosial və iqtisadi faydaları barədə məlumat verilib. Həmçinin əmək qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallar da vurğulanıb.
“Xatırladaq ki, məlumatlandırma xarakterli görüşlərlə yanaşı, tikinti obyektlərində monitorinqlər də davam etdirilir.Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bir daha bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, müqavilə əmək bildirişləri sistemində hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmamalıdır”-, deyə sonda qeyd edilib.