Press "Enter" to skip to content

Livanlı şiə din xadimi İran rejimini ifşa etdi

Son yeniləmə: 26 Oktyabr 2021 22:27

Şeyx Sübhi Tüfeyli: İranın yürütdüyü siyasət dürüst deyil, dağıdıcıdır

Bayraqdar.info – Livanın “Hizbullah” silahlı qruplaşmasının qurucularından olan Şeyx Sübhi Tüfeyli İranın Qarabağ hadisələrinə münasibəti ilə bağlı qalmaqallı açıqlamalar verib.

Livanda Hizbullahın ilk baş katibi olmuş siyasətçi və ruhani Şeyx Tüfeyli Anadolu Ajansına müsahibəsində Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zaman İranda olduğunu, İranın o vaxtkı rəhbərliyinin və mətbuatının Ermənistanı dəstəklədiyini bildirib.

İran Azərbaycan torpaqlarının işğal edilməsi üçün Ermənistana hərbi və logistik dəstək verib

Şeyx Sübhi Tüfeyli hətta Ermənistanın o vaxtkı baş nazirinin “əgər İran olmasaydı, biz 1990-cı illərdə məğlub olardıq” sözlərini xatırladaraq deyib: “İran Azərbaycan torpaqlarının işğal edilməsi üçün Ermənistana hərbi və logistik dəstək verib”.

İran Türkiyənin qarşısını almaq üçün Ermənistana dəstək verib

“O dövrdə İranın xarici işlər naziri olan Əli Əkbər Vilayəti ilə söhbət etdik. Ondan soruşdum ki, niyə bu məzlum müsəlmanlar qarşısında xristian erməniləri müdafiə edirsiniz? Onun mənə cavabı isə sözün həqiqi mənasında belə oldu: “Ermənistan Azərbaycan, Türkmənistan və Sovet İttifaqından ayrılmış digər türk respublikaları ilə Türkiyə arasında maneədir. Buna görə, biz Türkiyənin qarşısını almaq üçün Ermənistanı müdafiə edərək onu gücləndirəcəyik”. Həmin vaxt Azərbaycan hələ yeni qurulan bir ölkə idi və o vaxt orada İsrail adında bir qüvvə yox idi”, – deyə, Şeyx Sübhi Tüfeyli qeyd edib.

Onun sözlərinə görə, 1996-cı ildə hətta İranla İsrail arasında Fələstin ərazisində heç bir israilli əsgərə ziyan vurulmaması öhdəliyi ilə bağlı müqavilə də imzalanıb.

Şeyx habelə İrana səslənib: “Bu gün deyirsiniz ki, İsrailə görə Azərbaycanla probleminiz var. Ancaq bunların hamısı yalandır. İranın yürütdüyü siyasət dürüst deyil, dağıdıcıdır. Buna görə də İranın bir çox siyasətinin hətta özünə belə xeyri olmadığı göz qabağındadır”.

Mission News Theme by Compete Themes.