Bayraqdar.info – “Bu günlər xalqımız ötən il 44 günlük Vətən müharibəsinin növbəti ildönümünü böyük coşqu ilə qeyd edir. Bəlkə də biz ötən il müharibə gedəndə bunun tam dərin fərqində olmamışıq. Amma üstündən bir il keçəndən sonra baxıb görürük ki, həmin vaxt cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə hər gün, hətta deyərdim ki, hər saat bir tarix yazıb. Çünki üstündən bir il keçəndən sonra, sentyabrın 27-dən başlayaraq biz hər gün hansısa şəhər, kənd, qəsəbənin işğaldan azad olunmasının ildönümünü qeyd edirik”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Deputat bildirib ki, qələbəmizin baş memarı olan cənab Prezident bu şərəfli ildönümlərini işğaldan azad edilmiş yerlərin sakinləri ilə birgə, həmin ərazilərdə qeyd edir: “Onu da deyim ki, bu görüşlər zamanı Azərbaycan ictimaiyyəti bir daha Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına xüsusi münasibətinin şahidi olur. Biz bunun növbəti nümunəsini Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı şahidi olduq”.
Millət vəkili həmin görüş zamanı dövlət başçısının şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidovla, həmçinin Vətən Müharibəsi Qəhrəmanı ilə səmimi söhbətlərinin cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını deyib: “Eyni zamanda, cənab Prezidentin Qubadlı ictimaiyyəti ilə görüşdə “Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Onlardan biri bizim əzizimiz Şükür Həmidovdur. Qubadlı rayonunun sakini böyük qəhrəmanlıq göstərmiş və doğma rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim və özüm də şəxsən onu bu mükafatla təltif etdim” deməsini, həmçinin Ş.Həmidovun bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunə olduğunu bildirməsini də xüsusi qeyd etmək istəyirəm”.
İlham Məmmədovun sözlərinə görə, dövlət başçısının həmin görüşdə azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacağını, onların adının məktəblərə veriləcəyini deməsi, həmçinin artıq bu prosesin başlandığını bəyan etməsi də ictimayyət tərəfindən rəğbətlə qarşılanıb: “Bu bir daha təsdiq edir ki, Azərbaycanda şəhidlərin xatirəsi daim əziz tutulur və onların adı tariximizə əbədi yazılıb”.