Son yeniləmə: 26 Oktyabr 2021 11:50
Bayraqdar.info – Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib.
Məlumatı oktyabrın 26-də DTX-nin İctimai əlaqələr şöbəsi yayıb.
Tədbirdə Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak ediblər.
“Oktyabrın 29-dək davam edəcək kursda Azərbaycanın 32 dövlət qurumunun 54 nümayəndəsinin milli təhlükəsizliyin müxtəlif aspektlərinə dair mühazirələrlə çıxışları, praktiki məşğələlər və panel müzakirələr nəzərdə tutulur. Kursun keçirilməsində məqsəd milli təhlükəsizlik sahəsində mövcud vəziyyətin və ona qarşı yönələn təhdidlərin qiymətləndirilməsi, milli təhlükəsizliyin təmin olunmasında aidiyyəti strukturların birgə fəaliyyətinin təkmilləşdirməsi və dövlət təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasıdır.
“Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
“Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov belə bir tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə, tədbirdə iştirakına görə Prezidentin köməkçisi Hikmət Hacıyevə təşəkkürünü bildirib.
“Son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar.” Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik R.Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.
“Prezidentin köməkçisi H.Hacıyev hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından danışıb. O, bu sahədə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən bəhs edib. 30 ilə yaxın müddət ərzində dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən şöbə müdiri qeyd edib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşıb.
“DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub. “Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə Respublika arasında olan münasibətlərin gərginləşməsinə çalışırlar. Prezident İlham Əliyevin rəhbərliyi altında aidiyyatı dövlət orqanları tərəfindən ermənilərin ölkəyə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür.
“General-polkovnik Ə.Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. O, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu deyib. Həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizliyə təsirlərindən də danışan DTX rəisi vurğulayıb ki, ölkədə bu kimi hallara qarşı DTX tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəkdir.
“Tədbir müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxış və mühazirələri ilə davam edir.” Məlumatda belə deyilir.