Bayraqdar.info – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentliyinin (Azərkosmos) nümayəndə heyəti 25-29 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edir.
Xəbər bayraqdar.info-ya oktyabrın 26-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilib.
“Beynəlxalq Astronavtika Federasiyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və kosmik sahənin nümayəndələrini bir araya toplayan konqres bu il “Bəşəriyyət naminə addım ataq, yenilik edək və kəşf edək” mövzusuna həsr olunub.
““IAC 2023 Baku” və “Azərkosmos” stendləri ilə konqresdə təmsil olunan “Azərkosmos”un nümayəndə heyəti tədbir iştirakçılarına Azərbaycanın kosmik sənayesinin tarixi, ölkədə həyata keçirilən kosmik proqramlar və peyklərin rolu barədə ətraflı məlumat verib.
“Konqres BƏƏ-nin Mars planetinə gediş-dönüş missiyaları, “Global Networking Forum” kimi maraqlı və zəngin proqramları ilə bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayacaq.
“Keçiriləcək plenar iclas və texniki sessiyalarda kosmik sahə üzrə süni intellektin istifadəsi, müasir peyk həlləri, elm və innovativ texnologiyaların əhəmiyyəti, insan kapitalının möhkəmləndirilməsi və həyata keçirilən təşəbbüslər haqqında fikir mübadiləsi aparılacaq.
“Qeyd edək ki, Azərbaycan Kosmik Agentliyinin bu konqresdə təmsil olunması 2023-cü ildə Bakı şəhərinin ev sahibi olacağı 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinin sürətlə davam etdiyinin göstəricisidir”, – deyə xəbərdə bildirilir.