Bayraqdar.info – Türkiyənin TRT World kanalı Kıbrıs türklərinə dəstək olan növbəti addım atıb. Belə ki, adada əbədi sülh üçün yeni bir həll yolu axtarıldığı dövrdə kanal bütün dünyanın görməzlikdən gəldiyi türklərə qarşı zorakılıq və qırğınlara “Turkish Cypriots Struggle for Survival” (“Həyatda qalma mücadiləsi: Kıbrıslı türklərin hekayəsi”) adlı sənədli filmlə işıq salmağa qərar verib.
Bu barədə bayraqdar.info-ya Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı təmsilçiliyindən məlumat verilib.
Bildirilib ki, TRT –dən verilən, həmçinin Anadolu Agentliyinin bülleteninə daxil olan açıqlamaya görə, adada 1950 -ci illərin sonunda başlayan və 1974 -cü ildə Türkiyənin hərbi əməliyyatına qədər davam edən hadisələri şahidlərin dili ilə anladan sənədli film, ilk dəfə bu gün yerli vaxtla 17:30-da (Bakı vaxtı ilə saat 18.30) TRT World kanalında nümayiş olunacaq.
Qeyd edək ki, bəhs olunun illərdə Kıbrıs rumlarının Yunanıstanla birləşmək tələbinin, başqa sözlə, “Enosis”in gücləndiyi illərdə adada artan zorakılıq Kıbrıs türklərinin öz doğma yerlərini tərk etmələrinə səbəb olub.
TRT World istehsalı olan sənədli filmin icraçı prodüseri Gonca Şenay, prodüseri Özge Ekmen Maden, operatoru Güray Ervin idi. Yusuf Özçelikin montaj etdiyi sənədli filmin yaradıcı heyətində Selim Durak və Emrullah Ekin də yer alır.