Son yeniləmə: 26 Oktyabr 2021 00:02
Başlıq, yəqin ki, hamıya tanış gəldi. Belə də olmalıdır. Tez-tez işlədilən bir ifadədir. Bir filmə baxanda mütləq bu ifadəni işlədirik. Yəni “kinodu da” deyib keçirik…
Yeri gəlmişkən, belə bir başlıq ideyası mənə aid deyil. Bu başlıqda yazı yazmaq ideyası da şəxsimə aid deyil. Bu mövzuda yazacaqdım, bəlkə də bir qədər fərqli olacaqdı. Lakin başlıq təklifi gələndən sonra fikirlərimi də bir qədər fərqli ifadə etmək qərarına gəldim.
Başlığın müəllifi çağdaş Azərbaycanın ən tanınmış və peşəkar diktorlarından biri, Azərbaycan Respublikasının Əməkdar artisti Rafiq Həşimovdur. Biz onun da daxil olduğu, Azərbaycan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyevin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətilə 22-24 oktyabr günlərində İstanbulda Türk Keneşi Mediya Forumu üçün bir araya gəlmişdik. Bu haqda da fikirlərimiz olacaq. Lakin hazırda kinodan danışırıq.
Bakıya dönərkən R.Həşimovla kino ilə bağlı qısa söhbətimiz oldu. O, söhbət əsnasında bu fikri işlətdi və təklif etdi ki, belə bir yazı yazım.
Belə söhbətin olması da təsadüf deyildi. Çünki İstanbul səfərimizin sonuncu günü iştirakçıları TRT-nin ən məşhur seriallarının çəkildiyi platoya aparmışdılar. Şəxsən özüm də onlardan bəzilərini illərlə izləyən birisi kimi həvəslə qatıldım o gəzintiyə.
Təyyarə ilə Bakıya dönərkən bizdən daha öncə oraları görmüş həmkarım R.Həşimovla da məhz bu səbəbdən təəssüratlarımı paylaşırdım ki, bu yazının başlığı meydana çıxdı.
Möhtəşəm bir yer idi ora. Bizə verilən məlumata görə, az qala 500 hektarlıq ərazidir bu filmlərin çəkildiyi yer. Bütün istiqamətlərdə filmlərin-serialların çəkilməsi üçün gərəkli relyef elementləri ilə zəngin olan ərazinin çox kiçik bir hissəsini gəzə bildik.
Xoş bir hava vardı. Yüngül yağış yağırdı. Türk dünyasının bir çox guşələrindən xeyli iştirakçı həvəslə çəkiliş ərazisini dolaşırdı. Hər şey təbii idi. Hətta insanların bir-birinə münasibəti, söhbətlər də başqa yerlərdə və başqa vaxtlarda olduğundan səmimi alınırdı.
Bu yerdə olarkən bir anlıq yüzillərin ötəsinə səyahət edə bildik. Bir tərəfdə önümüzdə tam-tamına bir türk obası vardı. Yan-yana düzülmüş çadırlar, meşə, ortadan axan çay, obanın tam ortasındakı bazar. Hər şey insanı bir anlığa da olsa o illərə – o ortama aparmaq üçün yetərli idi.
Digər tərəfdə isə Bizansdan qalmış sarayın surəti tam olaraq qurulmuşdu. Həm dışarıdan, həm də içəridən baxdıq, gerçək bir Bizans sarayı gördük. Şəxsən gözümün önünə şəstlə və sərt yerişlə bu saraya daxil olan cəsur türk döyüşçüləri gəldi. Qürur duyulacaq təsəvvürlərdir ki, bunlar da TRT-nin ustalıqla çəkib tamaşaçılara təqdim etdiyi seriallarda əks olunub.
Başqa bir tərəfdə isə “Barbaroslar Akdeniz`in Kılıcı” serialının gəmisi tam boy qarşımızda durmuşdu. Suyun üzərində. Əlbəttə, burada yeni texnologiyanın imkanlarından istifadə haqqında da bilgiləndirildik. Lakin bunu film çəkənlərin bir peşə sirri kimi qorumağa qərar verdik…
Əlavə edək ki, gördüyümüz-gəzdiyimiz yerlər əsasən “Diriliş Ertuğrul” serialının çəkildiyi yerlər idi. O ruh, o ovqat orda var idi. Mən bunu gördüm. Düzdür, çəkiliş getmirdi. Orada bizim heyətdən və bizi müşayiət edən görəvlilərdən başqa kimsə yoxdu. Amma gözümün önündə həm də Engin Altan Düzyatanın ustalıqla ifa etdiyi Ertuğrul Gazi obrazı da vardı.
Gəzintimizin sonunda bir ailə fotosu da çəkdirdik. Hələlik əlimizdə deyil. Əlimizə keçən kimi yazıya əlavə edəcəyik.
Bunlar öz yerində, yazımızın başlığına qayıdaq. “Kinodu da, a bala” deyib keçdiklərimiz heç demə sadəcə kino deyilmiş. Bunu TRT-nin platosunda gəzərkən kəşf etdim özüm üçün. Bu kino deyilən nəsnə gerçəklərin təkrar canlandırılmasıdır. Bunun üçünsə o kinonun çəkilməsinə gərəkli olan görüntülərin bərpa edilməsi vacibdir. Yəni bu kino bizim ekrandan rahat-rahat izlədiyimiz kimi rahatlıqla başa gəlmir. İnsanlar bunun üçün böyük pullar xərcləyir, geniş heyət cəlb edir və hətta şəhərlər, kəndlər salırlar. Hələ bir dəniz də…
Sözümüzün canı budur ki, “Kinodu da, a bala” deyib keçmək çox rahat olsa da o kinonu kino etmək heç də o qədər rahat deyil…
Yəqin ki, oxucularımız bu yazını oxuyarkən şəkil, video da görmək istərdilər. Elə mən də istərdim. Amma mümkün deyil. Çünki bizi orada gəzdirərkən öncədən xəbərdarlıq etdilər ki, hər hansı çəkilişə izn yoxdur. Baxdıq, gördük, görüntü alıb oxucularımızla paylaşa bilmədiyimiz üçün üzüldük…
Lakin TRT-yə dəxli olmasa da bir balaca təsəlli yerimiz var…
İstanbulda olarkən Foruma qatılmış Qazaxıstanlı film ustalarıyla kiçik bir söhbətimiz oldu. Hətta səhəri gün bir müsahibə almağa da razılaşdıq. Bununla belə planlardakı dəyişiklik müsahibəni mümkünsüz etdi. Ona görə də əldə olan bilgilərlə məsələni qapadırıq.
“Tomiris” filmi haqqında çox danışılır. Qazaxıstan çəkib. Mən də baxmışam. Möhtəşəm bir ekran əsəridir. Və belə bir vaxtda filmin rejissoruyla bərabər baş rolun ifaçısı bir insanın qarşısına çıxa. Əlbəttə, bu, bir şans idi və biz də o şansı qaçırmadıq.
Media Forumun “Ortak Kültürel Gelecek: Türk Dünyasında Dizi-Film Sektörü” adlı oturumunda “Tomiris”in rejissoru Akan Satayev və Tomiris rolunun ifaçısı Almira Tursın da iştirak edirdi…
Oturumdan sonra onlara yaxınlaşdım, söhbət etdik. Film haqqında təqdirlərimi şəxsən çatdırdım və onun dublyaj edilərək Azərbaycan tamaşaçılarına təqdim edilməsini arzuladığımı bildirdim. Fürsətdən istifadə edib şəkil çəkdirdik və bu yazımıza elə o şəkli də əlavə edirik. Həm də filmi əlavə edirik ki, oxucularımız baxa bilsinlər. Heç şübhəsiz, bizim oxucularımız o filmə baxdıqdan sonra “Kinodu da, a bala…” deyib keçməyəcəklər.
Yeri gəlmişkən, türk dostlarımız deyirdi ki, TRT-nin tarixə aid serialları milləti əməlli-başlı özünə qaytarır…