Press "Enter" to skip to content

Prezidentə bal hədiyyə edən arıçı bayraqdar.info-ya danışdı – VİDEO/FOTO

Son yeniləmə: 25 Oktyabr 2021 18:27

Kəlbəcərli Sabir dayı, “Balçı”nın balı, “Ballı pətək”…

Bayraqdar.info – Hansısa dahinin sözüdür: “Arıların sonuncusu məhv olan gün dünya da məhv olacaq”. Bu sözdə nə boyda həqiqət olduğunu arıların həyatını araşdıran, arıçılarla söhbət edən daha gözəl bilir. Axı, arıların ömrü çox qısadır. Cəmi 60 gün… Amma onların bəşəriyyətə verdikləri, sirri hələ də tam açılmamış mükəmməl nemət olan balın faydaları bitməz-tükənməzdir.

Biz də dəvət olunduğumuz “Gənclik” metrostansiyasının yaxınlığında Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Bal Sərgi-Satış Yarmarkasından reportaj hazırlamaq üçün ora yollandıq.

Qeyd edək ki, oktyabrın 20-dən işə başlayan yarmarkaya hər gün yüzlərlə ziyarətçi gəlir. Noyabrın 7-si isə yarmarkanın sonuncu günü olacaq. Beləliklə, kim bal almaq istəyirsə, tələssin…

Azərbaycan Arıçılar Assosiasiyası Məbuat xidmətinin rəhbəri Elvin Bayramlının sözlərinə görə, yarmarkada 250 nəfər arıçı iştirak edir. Sərgi-yarmarkanın qaydasına görə, hər bir arıçı bura 400 kq bal və 30 ədəd arı şanı gətirə bilər. Arıçıların COVID-19 paspotru və minimum 25 arı ailəsinə sahib olmaları da əsas şərtlərdəndir. Ballar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyada yoxlanılıb və sertifikat verilib. Ümumilikdə, yarmarkada 250 ton bal satışa çıxarılıb.

Yarmarkanın təşkil edildiyi böyük çadırın girişində alıcıları əllərində spirt qabları olan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) əməkdaşları qarşılayır.

Girişidə bir elan diqqətimi cəlb etdi və bu, məni qürurlandırdı. Elanda yazılmışdı: “Şəhid ailələri üçün bal pulsuzdur”.

Əvvəla onu qeyd edim ki, yarmarkada bir qələbəlik hökm sürürdü. Balların dadına baxan kim, alan kim, arıçılarla söhbət edib ballar haqqında daha çox məlumat əldə etmək istəyən kim… Balçılar da hamıya balların dadına baxmağı təklif edirdilər….

Prezident Kəlbəcərdə arıçı Sabir dayının balından dadıb…

Bal Yarmarkasında Kəlbəcərdə Prezidentə arı şanı hədiyyə edən arıçı Sabir dayını gördük. Sabir dayı Kəlbəcər balı satırdı. Kəlbəcər balı digər ballardan 2 dəfə baha idi və Sabir dayının balının üstündə növbə var idi…

Bayraqdar.info-ya müsahibə verən Sabir Mustafayev deyir ki, yanvar ayından Kəlbəcərə getmək üçün müraciət edib. May ayında H.Əliyev Fonduna dəvət edilib.

“Ora getmək istəyimin səbəbini belə əsaslandırdım ki, Kəlbəcərdə bir arı ailəsi yoxdur, bitkilərdə tozlanma olmayacaq, ərazidə keçəlləşmə yaranacaq, ekoloji tarazlıq pozulacaq. Bunun üçün arı ailələrinin ora köçürülməsinə ehtiyac var. Bizdə damazlıq təsərrüfat olduğu üçün məni pilot layihəyə saldılar. Beş arıçı Kəlbəcərə getdik. Mən 200 arı ailəsi apardım. 10 gün sonra dedilər ki, əgər diversiya və minaya düşmək kimi heç bir xoşagəlməz hadisə baş verməsə, başqa arıçı ailələri də aparılacaq. Bizə ANAMA tərəfindən mina əleyhinə seminar keçirilmişdi. Bizdən sonra 20-30 arıçı da gəldi. Biz iyun ayında getdik. Çiçək bol idi, arılarımız ikiqat artıq məhsul verdilər. Allah şəhidlərimizə rəhmət eləsin, Prezidentimizə can sağlığı versin, millətimizi qorusun”, – deyir Sabir dayı…

O, həm də satdığı balın 20 faizini şəhid ailələrinə və qazilərə pulsuz verir. Bunu 5 ildir ki, edir. “Şəhid ailələri çox az gəliir, ola bilsin ki, utanırlar”, – deyə Sabir dayı söhbətinə davam edir:

“Arıların bir hissəsi oradadır, bir hissəsini gətirmişəm. İndi Kəlbəcərdə qar yağıb, arılar qış yuxusundadır. Yeməyə balları var, yemləri var. Bir də yazda gedib baş çəkəcəyəm”.

Prezident İlham Əliyevlə görüşünü soruşuram…

“Prezident təsadüfən gəldi ora, əvvəl özümü itirdim. Kəlbəcər dəniz səviyyəsindən 2 min 200 m yüsəklikdədir. Soyuq idi. Prezient verdiyimiz balı çox bəyəndi, dedi unikaldır, ətirlidir və bərəkətlidir.”

Sabir dayı deyir ki, dövlət arıçılara subsidiya verəndən sonra arıların sayı da artıb, məhsuldarlıq da. Kəlbəcər balı da brenddir. Dünyada məşhurdur. “Kəlbəcər balı Türkiyənin Anzer balı ilə rəqabətə girə bilər. Anzer 300 dollara satılır.”

Sabir dayı yarmarkada Kəlbəcər balının çox alınmasının səbəbini 28 illik həsrətə bağlayır.

“Balçı”nın balı ilə tanışlıq…

…Bizi yarmarkaya dəvət edən AAA Mətbuat xidmətinin və həm də “Balçı” firmasının rəhbəri Elvin Bayramlının yanına yaxınlaşırıq. O, bizim arılar və ballarla bağlı suallarımızı həvəslə cavablandırır.

Elvin bəyin bildirdiyinə görə, atası hələ sovetlər dönəmindən 30 ildən çox arıçılıqla məşğul olub. Özü isə son iki ildə arı məhsullarının istehsalına başlayıb.

“Arı ailələrində innovativ yeniliklər etməyə çalışıram. Əvvəllər atam dövlətin arıçılıq təsərrüfatında çalışırdı. Sonra özümüz arılar aldıq və Ağstafada saxlamağa başladıq. Arılardan xəstələnən, ölənlər oldu, hazırda 200 arımız var. Məqsədimiz arıların sayını 600-ə çatdırmaq və məhsul istehsalını artırmaqdır. Müxtəlif bölgələrdə – Kəlbəcrdə, Laçında, Ağstafa və Qazaxda mərkəzlər yaradıb fəaliyytimizi genişləndirmək istəyirik”, – deyir Elvin bəy.

Biz həm də Elvin bəyin daimi müştəriləriyik axı… Bu dəfə də pulumuzu verib balımızı alırıq.

Arıçıların içində qadınları da görəndə sevindik

Arıçıların sırasında adət etmədiyimiz zərif cinsin nümayəndələrini – qadınları görəndə sevindik. Demək ki, bu sahədə də irəliləyiş var. Həm də arılarla təkcə kişilər məşğul olmalı deyil ki…

…Fatma xanım Şəkidən bal gətirib satır. Deyir ki, 30 ildən çoxdur ki, ailəliklə bu işlə məşğuldurlar. O, xanım tibb işçisidir. İndi təqaüdə çıxıb. 70-ə yaxın yaşı olsa da, arılara qulluq etməkdən, bal istehsalından yüksək zövq alır. Arı xəstələnəndə özlərinin müalicə etdiyini deyir. “Biz arıları həyətimizdə saxlayırıq. Tez-tez onların yerini dəyişirik. Yevlaxa, Qaxa aparırırq. 200 arı ailəmiz var. Arılar soyuğu sevmir. Arının yerini dəyişmək çətindir, lafetlərlə aparırıq. Arılara payızda şərbət veririk. Həm də özləri bal yeyir. Öz müştərilərimiz var”.

Şəkidə balı evdən satdığını deyən Fatma xanım arıların yerini dəyişərkən əziyyət çəkdiklərini deyir. Dövlətin verdiyi subsidiyanı arıların dərmanlarına, bir də yerdəyişməsinə xərclədiklərini bildirir. Fatma xanıma bu işdə nəvəsi kömək edir…

Daha bir neçə arıçı ilə söhbət edib yarmarkadan çıxırıq. (Onlarla olan bir-birindən maraqlı söhbətlərimizi başqa yazılarda əziz oxuculara təqdim edəcəyik).

Onu da qeyd edək ki, nə arıçılar arılardan və baldan danışmaqdan doydular, nə də biz arılar haqda olan maraqlı söhbətlərdən…

Yarmarka isə davam edir…

Mission News Theme by Compete Themes.