Press "Enter" to skip to content

Ankarada “Qardaşlıq dastanı”

Bayraqdar.info – Ankara şəhərində Türkiyə və Azərbaycanın 100 sənətçisinin iştirakı ilə “Bir millət – iki dövlət: Qardaşlıq dastanı” adlı teatr və rəqs kompozisiyasının təqdimat mərasimi keçirilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 25-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ankara Konqres və Sərgi Mərkəzində baş tutan konsertdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Ankarada yaşayan soydaşlarımız vəyerli ictimaiyyətin tanınmış simaları iştirak ediblər.

Türk dünyasının min illik tarixi gerçəklərini, Azərbaycan və Türkiyə arasında qardaşlıq tarixini əks etdirən tamaşa 12 fərqli səhnə tərtibatında, lirik və xalq rəqslərinin sintezi əsasında səhnələşdirilib. Nuh tufanından Novruza, dastanlardan qəhrəmanlara, ozanlardan şairlərə, acılardan zəfərlərə qədər bütün tariximiz Dədə Qorqud baxışı ilə təqdim edilib.

“Qardaşlıq dastanı” tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Qeyd edilib ki, layihənin rəhbəri məşhur “Anadolu atəşi” rəqs qrupunun yetirməsi, əslən Azərbaycan türkü olan, İqdır Fondu İdarə Heyətinin üzvü Serhat Turakdır. Tədbirin təşkilatçısı İqdır Fondudur.

Layihənin Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə, habelə Avropada təqdim edilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində Türkiyə-Azərbaycan dostluğunu və tarixi işbirliyini əks etdirən foto və rəsmlərdən ibarət sərgi də nümayiş olunub.

Mission News Theme by Compete Themes.