Son yeniləmə: 25 Oktyabr 2021 13:10
Bayraqdar.info – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin müvafiq maddələri ilə başlanmış Bakı şəhəri 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin dövlət vəsaitini mənimsəmələri ilə bağlı isstintaq yekunlaşıb.
Bu barədə oktyabrın 25-də Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilir ki, istintaqla Rəsul Baxşəliyevin adıçəkilən xəstəxananın baş həkimi işləyərkən təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova ilə əlbir olaraq tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin köməkliyi ilə rəsmi sənədlərə saxta məlumatlar daxil ediblər. Onlar 2009-2021-ci illər ərzində qeyd edilən tibb müəssisəsində müxtəlif vəzifələr tutmaqla faktiki olaraq işə gəlməyən 36 nəfər şəxsin əmək funksiyalarını yerinə yetirməsi görüntüsü yaradıblar. Baş həkim və müavininin həmin işçilərə məxsus özlərində saxladıqları plastik əməkhaqqı kartlarına köçürülmüş 626 min 844 manat pulu mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən olunub.
“İş üzrə əldə edilmiş sübutlar əsasında R.Baxşəliyev, Z.İsmayılova, A.İbrahimova və Ə.Əliyev CM-nın 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs kimi cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“İbtidai istintaq zamanı vurulmuş maddi ziyanın 321 min 330 manat hissəsinin ödətdirilməsi təmin edilib.” Məlumatda belə deyilir.