Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) “Qardaş ailə” layihəsinə başlayıb. Layihə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara həsr olunub.
Bu barədə bayraqdar.info-ya oktyabrın 23-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bu layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən türk iş adamları Dövlət Sosial Müdafiə Fondu ilə birgə 44 şəhidin ailəsi ilə görüş keçirəcək. Məqsəd şəhid ailələrinə sosial, maddi və mənəvi dəstək göstərməkdir.
Layihə çərçivəsində ilk olaraq TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədr müavini Zəka Mirzəyevlə oktyabrın 1-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olan mayor İlkin Qələmşah oğlu Əhədzadənin ailəsi ilə görüşüb, ailənin sosial vəziyyəti öyrənilib.
Görüşdə onlar şəhid ailələrinin daim yanında olacaqlarını, sosial, maddi və mənəvi dəstək göstərəcəklərini vurğulayıblar.
Ailə onlara göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, İlkin Əhədzadə Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.