Bayraqdar.info – Meksika Milli Tarix və Coğrafiya Akademiyasında “Azərbaycan müstəqilliyinin 30 ili – çətinliklərdən uğura doğru” adlı təqdimat təşkil olunub.
Bu barədə bayraqdar.info-ya oktyabrın 23-də ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Meksikanın nüfuzlu elmi dairələrinin, tarix, coğrafiya və digər sosial elmlər üzrə professor və akademikləri, habelə Konqres üzvləri və KİV nümayəndələri iştirak rdib. Tədbirdə bu ölkədəki səfirimiz Məmməd Talıbov qonaqlara ölkəmizin müstəqillik ənənələri, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyəti, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin güclənməsindəki müstəsna rolu barədə məlumat verib. Təqdimatda həmçinin, ölkəmizin neft-qaz strategiyası, iştirakçısı olduğu beynəlxalq enerji və infrastruktur layihələri, iqtisadi inkişaf göstəriciləri, əlverişli biznes və turizm imkanları, incəsənəti, milli mətbəxi və çoxmədəniyyətlilik ənənələri haqda da bilgi verilib.
Sonra erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına Ermənistan tərəfindən yaradılmış maneələr, bu xüsusda işğladan azad edilmiş ərazilərdə aparılmış kütləvi minalama və dağıntılar, bu ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlərdən söhbət açılıb. Eləcə də ölkəmizin xarici siyasət prioritetləri, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti, Meksika və ümumilikdə Latın Amerikası regionu ölkələri ilə ikitərəfli əlaqələrindən bəhs edilib.
Auditoriyadan ünvanlanan sualların cavablandırılmasından sonra iştirakçılara meksikalı rəqs qrupunun ifasında Azərbaycan milli rəqs nömrələri nümayiş etdirilib və zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim olunub.