Son yeniləmə: 22 Oktyabr 2021 12:11
Bayraqdar.info – ““WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəni təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə milli müsabiqəyə başlanılır.
Bu barədə bayraqdar.info-ya oktyabrın 22-də Təhsil Nazirliyindən məlumat verilib.
“Beş mərhələdən ibarət olan müsabiqəyə qeydiyyat 17 – 22 yaş arası gənclər üçün açıqdır. Qeydiyyat mərhələsindən sonra seçilmiş iştirakçıların aşpazlıq üzrə nəzəri və praktiki bilikləri beynəlxalq aşpazlar tərəfindən qiymətləndiriləcək. Ən yaxşı nəticə göstərən 5 iştirakçı “CÀSÀ” Kulinariya Mərkəzində ödənişsiz əsaslarla peşəkar aşpaz mütəxəssislərin hazırladığı təlim-təcrübə proqramına cəlb olunacaq.
“Müsabiqənin sonunda qalib şəxs “CÀSÀ” Kulinariya Mərkəzi tərəfindən “Diplom proqramları” üçün təqaüd əldə edəcək. Qalib növbəti ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmək hüququ qazanacaq.
“Müraciətlər 5 noyabr 2021-ci il tarixinədək qəbul edilir.
“Qeyd edək ki, müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir”, – deyə məlumatda qeyd edilir.