Son yeniləmə: 22 Oktyabr 2021 14:38
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, 22-24 oktyabr tarixlərində İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) Media Forumu keçirilir. Oktyabrın 22-də Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının ev sahibliyi ilə “Köklü keçmiş, güclü gələcək” şüarı ilə keçirilən tədbirin açılış mərasimi olub.
Forumun gündəliyinin elan olunmasından və qısa videofilmin nümayişindən sonra Türk Keneşinin Baş katibi Bağdad Amreyev açılış çıxışı edib. İştirakçıları salamlayan Baş katib bu tədbirin əhəmiyyəti barədə danışıb.
Vurğulanıb ki, bu il türk cümhuriyyətləri müstəqilliklərinin 30-cu ildönümünü qeyd edirlər. Forum çərçivəsində də bu tarixə həsr edilmiş xüsusi iclası keçiriləcək.
Son vaxtlar türk dünyası daxilində inteqrasiyanın daha da dərinləşdiyini deyən B.Amreyev bu istiqamətdə medianın da üzərinə mühüm işlər düşdüyünü bildirib.
Sonra Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanı Fahrettin Altun çıxış edib. İştirakçılara xitabən “sizləri Avropa və Asiyanın birləşmə nöqtəsi olan İstanbulda, bu gözəl şəhərdə qəbul etdiyimiz üçün xoşbəxtik” deyən F.Altun daha sonra bu forumun türk dünyasında qardaşlıq bağlarının daha da güclənməsinə yardım edəcəyinə inandığını bildirib.
F.Altun çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər haqqında da danışıb. O, həmçinin bir il öncə baş verənlərə toxunaraq, Ermənistanın törətdiyi müharibə cinayətlərini bir daha xatırladıb.
Sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxış edib. Öncə iştirakçıları salamlayan H.Hacıyev noyabrın 12-də İstanbulda olacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) növbəti Zirvə görüşü ərəfəsində bu Forumun keçirilməsinin əhəmiyyətinə toxunub. H.Hacıyev bu Forumun yüksək səviyyədə təşkilinə görə başda F.Altun olmaqla Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığına minnətdarlıq edib.
Çıxışında Türk Keneşinin yaranması və fəaliyyəti barədə də məlumat verən H.Hacıyev bu qurumun türk dünyasının inteqrasiyasında mühüm roluna da toxunub. Azərbaycanın quruma sədrliyi dövründə əldə edilən uğurlardan da bəhs edən H.Hacıyev eyni zamanda ötən il ölkəmizin əldə etdiyi tarixi Zəfər barədə də danışıb.
Prezidentin köməkçisi həmin vaxt verilən mənəvi və siyasi dəstəyə görə sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan başda olmaqla Türkiyə Cümhuriyyətinə, o cümlədən B.Amreyevin timsalında Türk Şurasına minnətdarlığını çatdırıb. H.Hacıyev həmin vaxt türk mediasının Azərbaycanın haqq savaşına dəstəyini də xüsusi olaraq vurğulayıb və buna görə də minnətdarlıq edib.
“Vətən müharibəsində qələbədən sonra Azərbaycanın qarşısında yeni bir məqsəd durur və bu da Qarabağın yenidən qurulması və bərpa olunmasıdır”, – deyən H.Hacıyev iştirakçılara Ermənistanın müharibə cinayətləri barədə ətraflı məlumat verib. O, bu cinayətlər barədə həqiqətlərin dünyaya çatdırılmasında türk cümhuriyyətlərindən olan media təmsilçilərinin rolunu da vurğulayib.
Çıxış edən KKTC Cümhurbaşqanı Ersin Tatar bu tədbirə dəvətinə görə təşkilatçılara minnətdarlıq edib. Çıxışında Azərbaycanın tarixi Zəfərinə də toxunan E.Tatar “Azərbaycanın zəfəri bizlərin zəfəridir” deyib.
KKTC Cümhurbaşqanı həmçinin, Kıbrıs türkünün apardığı azadlıq və müstəqillik mübarizəsi barədə də danışıb: “Kıbrıs türkləri türk dünyasının Doğu Ağdənizdəki təmsilçiləridir”.
O, türk dünyasının inteqrasiyasının daha da dərinləşməsinin vacib olduğunu da bəyan edib.
Daha sonra Türkiyə Cumhurbaşqanı Recep Tayyip Erdoğanın foruma göndərdiyi video mesaj təqdim olunub. Video mesajında dünyada cərəyan edən proseslərə, həmçinin media sahəsində də türk dünyasına qarşı ikili standartlara toxunan Cümhurbaşqanı bildirib ki, 44 gün davam edən Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq.
Vurğulanıb ki, Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını ballistik raketlərlə qətlə yetirməsi heç gündəmə gətirilmədi: “Bu, Qarabağ savaşı, ölkələrimiz və Türk dünyası ilə bağlı reallıqlara qarşı qoyulan media sanksiyasının nə ilk, nə də son örnəyidir. Qondarma soyqırımı iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf alan bir çox mövzuda bənzər münasibətlə qarşılaşırıq. Yaşadığımız acı təcrübələr fonunda bu gerçəyi hamımız açıq şəkildə görə bilirik”.
Qeyd edilib ki, necə ki, müdafiə sənayesi və hərbi məsələlərdə tamamilə əcnəbilərə bel bağlamırıqsa, media məsələlərini də başqalarına həvalə edə bilmərik. Digər strateji məsələlərdə olduğu kimi media və kommunikasiya mövzusunda da özümüz tədbirlər görməliyik: “Türk dünyası olaraq bu xüsusda təşəbbüslər irəli sürməli, təcrübə mübadiləsi aparmalı, güclərimizi birləşdirməli və əlimizdəki imkanları səmərəli şəkildə dəyərləndirməyin yollarını axtarmalıyıq”.
Xatırladaq ki, Forumda, türk dünyasında media, seriallar və film sektorunda inkişaf etdirilə biləcək əməkdaşlıq, sosial media və dezinformasiya ilə ortaq mübarizə məsələləri müzakirə ediləcək.
Türk dünyasının birliyinin keçmişinə, ortaq dil və mədəniyyətinə xüsusi vurğu ediləcək forum çərçivəsində keçiriləcək “Türk Dünyasının Yeni Uluğbəyləri, Əlişir Nəvailəri, Əhməd Yəsəviləri” seminarı və “Gələcəyi birlikdə inşa edirik” panelində türk dünyasının gənclərinə birlik şüurunun çatdırılması və ortaq bir baxışın formalaşdırlıması hədəflənir.
“Birlikdən doğan Zəfər: Qarabağ” başlıqlı toplantıda isə bu zəfəri gətirən mübarizə zamanı Azərbaycan və Türkiyə arasındakı güclü həmrəyliyin əhəmiyyəti vurğulancaq. Bu həmrəyliyin digər türk ölkələri arasında da formalaşdırılmasının vacibliyi qeyd ediləcək.
Forumda müstəqilliklərinin 30-cu ildönümünü qeyd edən türk cümhuriyyətləri ilə bağlı xüsusi bir iclas da keçiriləcək.
Əlavə edək ki, Media Forumda Azərbaycandan Prezidentin köməkçisi Hikmət Hacıyevin başçılığı altında geniş heyət, o cümlədən bayraqdar.info-nun qurucu-baş redaktoru Azər Həsrət də iştirak edir.