Press "Enter" to skip to content

Saatlının Nərimanov kəndinin içməli su təchizatı yaxşılaşdırılıb

Bayraqdar.info – Prezident İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

Bu barədə bayraqdar.info-ya oktyabrın 22-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Azərsu” ASC daxili imkanları hesabına Saatlı rayonunun Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi yekunlaşıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonda həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, uzun illər içməli su qıtlığından əziyyət çəkən Nərimanov kəndinə və məcburi köçkün qəsəbəsinə keyfiyyətli suyun verilməsi sakinlərin sosial-məişət şəraitinin yaxşılaşmasına səbəb olacaq.

“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqqsədilə dövlət investisiyaları və daxili imkanlar hesabına həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, Kür sutəmizləyici qurğularından Saatlı şəhərinə magistral su kəmərinin çəkilməsi və şəhərdə su infrastrukturunun yenilənməsi bəzi ətraf kəndlərin də su təchizatına imkanlar yaradıb.

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məlumatda o da qeyd edilib ki, Nərimanov kənd sakinləri uzun illər Araz çayından ayrılan suvarma kanallarının və arxların suyundan istifadə ediblər. Məcburi köçkün qəsəbəsində mərkəzləşmiş şəbəkə mövcud olsa da içməli su Araz çayından götürülüb duruldularaq verilirdi. 2020-ci ilin sonlarında icrasına başlanmış layihəyə əsasən, yaşayış məntəqələrinin içməli su təchizatı Kür Sutəmizləyici Qurğuları-Sabirabad-Saatlı qrup su kəməri hesabına aparılacaq. Bu məqsədlə Saatlı şəhərindəki mərkəzi su anbarından Nərimanov kəndinə qədər 5 km uzunluğunda magistral su kəməri çəkilib. Nərimanov kəndində 5,5 km uzunluğunda paylayıcı şəbəkə və əhalinin ümumi istifadəsi üçün 17 bulaq inşa olunub.

Yeni çəkilmiş magistral kəmərdən məcburi köçkün qəsəbəsinə də çıxış verilib və 1 km uzunluğunda birləşdirici kəmər çəkilərək mövcud şəbəkəyə qoşulub. Layihənin icrası nəticəsində 3 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub.

Gələcəkdə yeni yaradılmış infrastrukturdan Dəlilər və Musalı kəndlərindəki modul sutəmizləyici qurğuların çıxış xətlərinə birləşmə veriləcək .

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2017-ci ildə Saatlı rayonunun Mollavəzli, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərində içməli su layihələri icra olunub və 10 min nəfərdən çox sakinin su təchizatı yaxşılaşdırılıb.

Hazırda Kür Sutəmizləyici Qurğuları-Sabirabad-Saatlı qrup su kəmərindən Saatlı və Sabirabad şəhərləri ilə yanaşı, magistral xəttin marşrutu boyunca yerləşən 30-dək kəndə su verilir.

Mission News Theme by Compete Themes.