Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə “Pambıq istehsalında torpaq, qida maddələri və suyun idarə edilməsi sahəsində qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsi təqdim edilib.
Xəbər bayraqdar.info-ya KTN-dən verilib.
“Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, AEBA-nın nümayəndələri, pambıqçı fermerlər, pambıq emalı müəssisələrinin təmsilçiləri iştirak ediblər.
“Nazir müavini S.Cəfərov bildirib ki, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən nüvə texnologiyasının tətbiqi üzrə FAO-AEBA Mərkəzinin direktoru Qu Liang pambıqçılıqda torpaq, qida maddələri və suyun səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs edib. O, iqlim dəyişikliyinin mənfi təsirlərindən yayınmaq üçün resursların səmərəli idarə olunmasının zəruri olduğunu vurğulayıb. AEBA-nın layihə koordinatoru Nəzakət İsmayılzadə “Azərbaycanda pambıqçılığın vəziyyəti: qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqi” mövzusunda çıxış edib.
“Daha sonra “Nüvə texnologiyası və aidiyyəti metodlardan istifadə etməklə mutant seleksiya və torpaq, su və qida maddələrinin səmərəli idarə edilməsi ilə Azərbaycanda pambıqçılığın dayanıqlı inkişafına dair strateji məsləhətləşmə” mövzusunda müzakirələr aparılıb. Yüksək məhsuldarlıqla yanaşı, xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılmasının vacib olduğunu vurğulayan tədbir iştirakçıları pambıqçılığın inkişafı ilə bağlı qabaqcıl təcrübələrin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər”, – deyə xəbərdə bildirilir.