Bayraqdar.info – Oktyabrın 19-20-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və COMCEC-in dəstəyi ilə “Mövlananın Səyahət Marşrutunu Yeniləmək” layihəsi üzrə virtual görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 22-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan, Türkiyə və İrandan olan nümayəndələrin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Turizm Bürosunun Məhsul İnkişafı sektorunun rəhbəri Şərifə Həsənova və Gəncə Destinasiya Təşkilatının direktoru Zaur Bayramov çıxış ediblər. Onlar Şamaxıda və qərb regionunda olan dini inanc turizmi resusları, onları sufizmlə bağlılıqları və onların turizm potensialı üzrə gələcək planlarla bağlı məlumat veriblər.
Görüşdə iştirak edən tarixçi və ekspert Mahmud Mahmudzadə isə Mövlanadan öncəki və sonrakı dini irs, bu mövzuda əsərlər yazan şair, yazıçı və filosoflar haqqında danışıb.
Görüş çərçivəsinde layihə koordinatoru Leyla Şışık tərəfindən layihənin ümumi baxışı, məqsəd və əhatə dairəsi haqqında məlumat verilib, Selçuk universitetinin fəxri professoru Abdullah Öztürk tərəfindən “Mövlana izi və Mövlana fəlsəfəsinin araşdırılması” mövzusunda təqdimat iştirakçıların diqqətinə çatdırılıb.
Ümumilikdə görüşdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri arasında çoxtəyinatlı turizm dəhlizlərinin inkişafı və turizm hərəkətliliyinin artırılması, dini inanc turizmi, ölkələrarası dini koridorun nə qədər müvəffəqiyyətli bir şəkildə təyin edilə biləcəyi, tanıdılacağı və turizm məhsuluna çevrilə biləcəyi mövzusunda məlumatlar müzakirə olunub.