Press "Enter" to skip to content

Akademik Musiqili Teatrın aktrisası “Altın Güneş” mükafatına layiq görüldü

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucova “Caspian Events Group”un təsis etdiyi “Altın Güneş – 2021” mükafatına layiq görülüb.

Bu barədə Teatrın Mətbuat xidmətindən bayraqdar.info-ya oktyabrın 22-də xəbər verilib.

“Hər il mütəmadi olaraq Türkiyədə həyata keçirilən bu layihənin ilk dəfə Azərbaycanda təşkil olunmasına baxmayaraq, bir çox incəsənət, media və digər sahələrin nümayəndələrini cəmləşdirə bilib.

Nahidə xanım ona göstərilən diqqətə görə tədbirin beynəlxalq direktoru Olucay Kutlucaya və ölkədəki rəsmi nümayəndəsi Tural Ələkbərova dərin təşəkkürlərini bildirib.

“Qeyd edək ki, Nahidə Mülük qızı Orucova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayan istedadlı aktrisa indiyədək bir-birindən maraqlı obrazlar qalereyası yaratmış, saysız filmlərə çəkilmişdir. N.Orucova 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2013-cü ildən isə Prezident Mükafatçısıdır.
Xatırladaq ki, sevilən aktrisa 30 oktyabr saat 19:00-da Akademik Musiqili Teatrında nümayiş olunacaq “O olmasın, bu olsun” ( Ü.Hacıbəyli ) operettasında Sənəm obrazı ilə tamaşaçıların görüşünə gələcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.