Bayraqdar.info – Son 5 ay ərzində Təhsil Nazirliyi və tabe qurumlarına “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə 12 min 253 müraciət daxil olub. Müraciətlərdən 12 min 074-ü artıq cavablandırılıb, 179 müraciət isə baxılma mərhələsindədir. Göndərilən müraciətlərin tətbiq olunmuş təkmil daxili (CRM) sistem vasitəsilə qısa zamanda Nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilməklə cavablandırılması təmin olunur.
Bu barədə xəbər bayraqdar.info-ya oktyabrın 21-də Təhsil Nazirliyindən verilib.
“Nəticədə portal.edu.az platformasından daxil olmuş yazılı elektron müraciətin orta icra müddəti yazılı kağız müraciətin orta icra müddətindən 3 dəfə qısaldılıb. Müraciətlərin icra olunmasının müvəffəqiyyət göstəricisi artıb.
“Qeyd edək ki, Nazirlik tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə yaradılan “Vətəndaş müraciətləri” xidməti artıq 5 aydır istifadəyə verilib.
“Xidmət vətəndaş məmnuniyyətinin artırılması istiqamətində aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili, müraciətlərin elektron qaydada göndərilməsi və prosesin izlənilməsini asanlaşdırmaq məqsədi daşıyır”, – deyə xəbərdə bildirilir.