Bayraqdar.info – Aqrar Xidmətlər Agentliyi tərəfindən beynəlxalq standartlara uyğun vahid etiketləşdirmə və sertifikatlaşdırma həyata keçirilir. Məqsəd keyfiyyətsiz, mənşəyi bilinməyən əkin materiallarının, həmçinin dövlət reyestrində qeydiyyatda olmayan bitki sortlarının toxumlarının ticarət dövriyyəsinə daxil edilməsinin və istifadəsinin qarşısını alınmasıdır.
Xəbər oktyabrın 21-də bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.
“Bu texnologiya kənar müdaxilənin qeyri-mümkün olduğu, baş verən bütün proseslər üzrə izlənməni təmin edən Blokçeyn texnologiyasıdır. Bu il ilk dəfə olaraq bu yeni texnologiya AXA tərəfindən ölkədə tətbiq edilib. Bu məqsədlə ilkin olaraq toxum partiyalarının etiketlənməsindən başlanılıb. AXA tərəfindən keyfiyyətinə nəzarət olunan və yoxlanılan toxum partiyalarındakı hər bir kisə ayrılıqda kodlaşdırılaraq etiketlənib. Daha sonra laboratoriya analizlərinin nəticələrinə əsasən sertifikatlaşdırılıb. Fermer aldığı toxumun həqiqətən də keyfiyyətli və sertifikatlı olduğuna əmin olmaq üçün etiketdə olan QR kodu öz smartfonuna oxutdurmaqla məlumat əldə edə bilər. Həmçinin “toxum.info.az” saytına daxil olub etiketdə olan nömrəni əlavə etməklə toxumun sertifikatlılığı haqqında ətraflı tanış ola bilər.
“Qeyd edək ki,“Toxumçuluq haqqında” Qanuna görə qablaşdırılmamış və etiketləşdirilməmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olmayan toxumların ticarət dövriyyəsinə daxil edilməsi qadağandır”, – deyə xəbərdə bildirilir.