Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak ediblər.
Məlumatı oktyabrın 21-də Prezidentin Mətbuat xidməti yayıb.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına və birinci xanıma Zəngilanda tikiləcək Rəqəmsal Yarımstansiya və rayonun elektrik təchizatı sxemi barədə məlumat verib. O bildirildi ki, 35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 km-lik elektrik veriliş xətti tamamilə yenidən qurulacaq. Yeni qurulacaq şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaq.
“Diqqətə çatdırılıb ki, Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək, 42 kilometrlik xətt isə bərpa olunacaq. Hazırda bu istiqamətdə işlər davam edir.
Prezident İ.Əliyev Rəqəmsal Yarımstansiyanın təməlini qoyub.
Daha sonra Prezident və birinci xanım Mehriban Əliyeva “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İ.Əliyevə və birinci xanım M.Əliyevaya yarımstansiya barədə məlumat verib.
“Zəngilan rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından ümumi uzunluğu 110 km olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunub, 25 MVA gücündə 2 transformator quraşdırılıb. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərə alınaraq lazımi infrastruktur yaradılıb. Burada mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub ki, bu da yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunmasına və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsinə imkan verir.
“Prezident İlham Əliyev “Zəngilan” yarımstansiyasını işə salıb.
“Daha sonra İ.Əliyev və birinci xanım M.Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
“Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər.” Məlumatda belə deyilir.