Son yeniləmə: 21 Oktyabr 2021 14:34
Bayraqdar.info – Oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.
Məlumatı oktyabrın 21-də Prezidentin Mətbutat xidməti yayıb.
Məlumatda bildirilir ki, dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulub.
Kənd təsərrüfatı naziri İnam Kərimov Prezidentə layihənin icrası ilə bağlı məlumat verib. O bildirib ki, 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.
“Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 ha ərazidən 412 ha-sının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyəti üçün layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.”
Məlumatda bildirilir ki, daha sonra Prezident və Xanımı Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlət başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verib.
“Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır”, – deyə K.Əliyev bildirib.
Bundan sonra Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə maraqlanan ölkə başçısı və Xanımına DSX-nın rəisi, general-polkovnik Elçin Quliyev kompleks barədə məlumat verib.
“DSX-nın Azərbaycan, İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Bura qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir”, – deyə o bildirib.
“Prezidentə hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olunub”, – deyə məlumatda qeyd edilir.