Bayraqdar.info – Zəngilan rayonunun Mincivan qəsəbəsində Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin olunub. Bu işi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) həyata keçirib.
Xəbər bayraqdar.info-ya oktyabrın 20-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilib.
“Buna qədər isə Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımı Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Həmçinin, 2021-ci il oktyabrın 4-də Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilməklə Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı təmin olunub.
“Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. O cümlədən, Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin cari ilin sonunadək bərpası nəzərdə tutulur”, – deyə Nazirlikdən bildirilir.