Press "Enter" to skip to content

Tərtərdə yerli sahibkarlar üçün maarifləndirici tədbir 

Bayraqdar.info – Oktyabrın 19-da Tərtər rayonunda “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə reallaşdırılıb.

Bu barədə bayraqdar.info-ya oktyabrın 20-də Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə giriş sözü ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun işğaldan azad edilmiş və zərər görmüş əraziləri haqqında məlumat verib.

Görüşdə, həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, müşavir Elçin Məmmədov, AMEA -nın İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi Baş İdarəsinin rəisi Elçin Bəylərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Tərtər rayonu üzrə nümayəndəsi Sənan Əhmədzadə çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Vətən müharibəsində beynəlxalq hüquq normalarını kobud şəkildə pozan düşmən dinc yaşayış məntəqələrimizi, o cümlədən döyüş bölgəsinə yaxın ərazidə yerləşən Tərtər rayonunu qadağan olunmuş silahlarla intensiv atəşə məruz qoyub. Nəticədə rayon ərazisində xeyli sayda yaşayış evləri, sahibkarlıq və sosial obyektlər, nəqliyyat vasitələri, heyvandarlıq və kənd təsərrüfatı sahələri ciddi ziyan çəkib.

Bildirilib ki, hazırda Qarabağın işğaldan azad edilmiş ərazilərində planlı şəkildə geniş bərpa-quruculuq işləri aparılır, düşmənin yerlə yeksan etdiyi, məhv etdiyi şəhər və kəndlərimiz ən müasir tələblər səviyyəsində yenidən yaradılır. Tərtər rayonu da öz inkişafını davam etdirərək ölkə həyatına reinteqrasiya olunur.

Tədbirdə Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti subyektləri üçün iqtisadi və hüquqi biliklər, o cümlədən işğaldan azad edilmiş ərazilərdə dövlətin həyata keçirdiyi vergi və investisiya siyasəti mövzularında maarifləndirmə xarakterli məruzələr də yer alıb. AMEA İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev “Post-konflikt ərazilərdə sahibkarlıq imkanları”, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin şöbə rəisi Nazim Əliyev “Silahlı münaqişələr zamanı dinc mülki əhaliyə vurulmuş zərərin ödənilməsinin hüquqi əsasları”, Tədris Mərkəzinin əməkdaşı Şahzadə Mədətova “Post-konflikt ərazilərdə qadın sahibkarlığının inkişafında effektiv dövlət-özəl əməkdaşlığı” mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbir yerli sahibkarların çıxışları və müzakirələrlə davam etdirilib.

Mission News Theme by Compete Themes.