Press "Enter" to skip to content

Füzuliyə gözlənilən səfər sülhə qarşı olan ölkələrə bir mesajdır

Yücel Karauz

Bayraqdar.info – Məlum olduğu kimi, Türkiyənin “Haber Global” kanalı Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışı üçün Azərbaycana gələcəyinə dair xəbər yayıb. Məlumatda qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Cümhurbaşqanı R.T. Erdoğanın da qatılacağı mərasimlə istifadəyə veriləcək.

Öz növbəsində gözlənilən səfəri bayraqdar.info üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib ki, bu bir mesaj kimi də dəyərləndirilməlidir: “Cənab Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın Füzuli Hava Limanının açılışına gəlməsi həm siyasi, həm regiondakı proseslər, həm də hərbi baxımdan mesajlar vermiş olacaq”.

Türkiyəli general bildirib ki, artıq bir müddətdir Ermənistan 10 noyabr və digər razılaşmalarla bağlı bəndləri yerinə yetirməyi ləngidir: “Təbii ki, burada da Ermənistandan daha çox Ermənistançı olan xarici qüvvələrin “rolu” qeyd edilməlidir. Başda Fransa, İran olmaqla, həmçinin ABŞ-dakl erməni lobbiləri olmaqla həmin qüvvələr gərginlik yaratmaq, artıq həll edilmiş bir məsələni “həllini gözləyən problem” kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar”.

Y.Karauzun sözlərinə görə, xüsusilə də İranın son bir ayda bölgəyə təsir etmək siyasəti və haqdan, hüquqdan kənar addımları, eyni zamanda yeni dünya və region düzənini qavraya bilməməsi bəllidir: “Hesab edirəm ki, Füzuliyə gözlənilən səfər eyni zamanda İranın bu cür davranışlarına cavab olan bir mesajdır. Bir sözlə, cənab R.T.Erdoğanın Füzuli Hava Limanının açılışına gəlməsi sülhə qarşı olan region ölkələri İran və Ermənistana, o cümlədən Fransaya, ABŞ-daki erməni lobbilərinə bir mesajdır”.

Müsahibimiz deyib ki, səfər digər baxımdan da önəm kəsb edir: “Bəlli olduğu kimi təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yanvarın 14-də qoyulan Füzuli Hava Limanı ən yüksək beynəlxalq standartlara uyğun olaraq 8 ayda inşa edilib.Oktyabrın 26-da açılacaq Füzuli Beynəlxalq Hava Limanı həm də beynəlxalq uçuşlara ev sahibliyi edəcək və işğaldan azad edilmiş Qarabağın dünyaya açılan qapısı olacaq. Bölgədəki turizm potensialının inkişafına töhfə verəcəyi gözlənilən hava limanı ilə turist qrupları Qarabağın incisi və mədəniyyət beşiyi Şuşaya Füzuli üzərindən daşınacaq. Həm bu hava limanının qısa müddətdə tikiləməsi, həm də işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd”lərin yaradılması və s. kimi işlər Azərbaycanın uğurlarıdır. R.T.Erdoğanın bu səfəri görülən işləri yerində müşahidə etmək baxımından da önəmlidir. Yəni, R.T.Erdoğan həm Azərbaycanın sevincini paylaşmağa, həm də Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan xarici qüvvələrə Azərbaycanın tək olmadığını nümayiş etdirməyə gəlir. Bir sözlə, iki lider dəmir yumuruğu qaldıraraq Şuşa bəyannaməsinin ruhunu bir daha Füzulidə göstərəcək”.

Türkiyəli general qeyd edib ki, səfər zamanı iki liderin yeni reallıqlar fonunda region ölkələrinə bir çağırış edəcəyi də gözləniləndir.

Mission News Theme by Compete Themes.