Press "Enter" to skip to content

Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı 24 faiz artıb

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərini davam etdirir. Tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub.

Bu barədə bayraqdar.info-ya oktyabrın 20-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 24 faiz artıb. Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 219 min 968 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 48 min 607-si ilkin, 171 min 361-i isə təkrar qeydiyyatdır.

Qeyd edilib ki, ilkin qeydiyyat daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən ilk dəfə tanınmasıdır. Təkrar qeydiyyat isə əvvəlki dövrdə verilmiş mülkiyyət sənədlərinin yeni sənədlərlə (çıxarışla) əvəzlənməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla başqasına keçməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır.

Vurğulanıb ki, cari ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 35 min 260-ı fərdi yaşayış və bağ evi, 66 min 763-ü mənzil, 108 min 753-ü torpaq sahəsi, 2 min 560-ı qeyri-yaşayış binası, 6 min 040-ı qeyri-yaşayış sahəsi, 557-si əmlak kompleksi, 35-i isə çoxmərtəbəli yaşayış binasıdır.

2021-ci ilin 9 ayı ərzində 11 844 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,5 faiz artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin 9 ayı ilə müqayisədə bu ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 22,2 faiz artaraq 11 min 632, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 40,6 faiz artaraq 2 min 929 olub.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-sentyabr ayları ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 39,2 faiz artaraq 23 min 416, mənzillər üzrə 47,5 faiz artaraq 44 min 919, torpaq sahələri üzrə 24,3 faiz artaraq 97 min 121, qeyri-yaşayış sahəsi üzrə 51,2 faiz artımla 3 min 111 təşkil edib. Ümumilikdə isə, ötən ilin 9 ayı ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 32,3 faiz artaraq 129 min 487-dən 171 min 361-ə yüksəlib.

Eyni zamanda, cari ilin yanvar-sentyabr ayları ərzində 173 min 276 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 295 min 481 arayış (Forma-1) verilib. 2020-ci ilin 9 ayı ilə müqayisədə bu növ arayışların sayı 50,1 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,4 faiz artaraq 36 min 798 olub.

Qeyd edək ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması alqı-satqı, bağışlama, vərəsəlik, sığorta, ipoteka kimi iqtisadi və hüquqi əməliyyatların aparılması üçün zəruridir. Mülkiyyət hüququnun dövlət qeydiyyatı vətəndaşın ona məxsus daşınmaz əmlakından daha etibarlı və leqal formada istifadəsinin təminatıdır.

Mission News Theme by Compete Themes.