Bayraqdar.info – 22-24 oktyabr tarixlərində İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) Media Forumu keçiriləcək. Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının ev sahibliyi ilə “Köklü keçmiş, güclü gələcək” şüarı ilə keçiriləcək tədbirin açılışında Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın videomüraciəti təqdim olunacaq.
Bu barədə Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığına istinadən Anadolu Ajansı məlumat yayıb. Məlumatda bildirilir ki, KKTC Cümhurbaşqanı Ersin Tatar foruma qatılaraq çıxış edəcək. Eyni zamanda Türkiyə Cümhurbaşqanlığı İletişim başqanı Fahrettin Altun və Türk Keneşinin Baş katibi Bağdad Amreyev də forumun açılışında çıxış edəcəklər.
Forumda Türk Keneşinə daxil olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanla yanaşı, müşahidəçi dövlət Macarıstan, həmçinin Türkmənistan və Kuzey Kıbrıs Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumları və təşkilatlarının yüksək vəzifəli şəxsləri, sosial media fenomenləri və universitet tələbələri olmaqla ümumilikdə 250-dən çox şəxsin iştirakı gözlənilir.
Forumda, türk dünyasında media, seriallar və film sektorunda inkişaf etdirilə biləcək əməkdaşlıq, sosial media və dezinformasiya ilə ortaq mübarizə məsələləri müzakirə ediləcək.
Türk dünyasının birliyinin keçmişinə, ortaq dil və mədəniyyətinə xüsusi vurğu ediləcək forum çərçivəsində keçiriləcək “Türk Dünyasının Yeni Uluğbəyləri, Əlişir Nəvailəri, Əhməd Yəsəviləri” seminarı və “Gələcəyi birlikdə inşa edirik” panelində türk dünyasının gənclərinə birlik şüurunun çatdırılması və ortaq bir baxışın formalaşdırlıması hədəflənir.
“Birlikdən doğan Zəfər: Qarabağ” başlıqlı toplantıda isə bu zəfəri gətirən mübarizə zamanı Azərbaycan və Türkiyə arasındakı güclü həmrəyliyin əhəmiyyəti vurğulancaq. Bu həmrəyliyin digər türk ölkələri arasında da formalaşdırılmasının vacibliyi qeyd ediləcək.
Forumda müstəqilliklərinin 30-cu ildönümünü qeyd edən türk cümhuriyyətləri ilə bağlı xüsusi bir iclas da keçiriləcək.
Əlavə edək ki, Media Forumda Azərbaycandan Prezidentin köməkçisi Hikmət Hacıyevin başçılığı altında geniş heyət, o cümlədən bayraqdar.info-nun qurucu-baş redaktoru Azər Həsrət də iştirak edəcək.