Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində Ersan Sanerin istefasından sonra yeni hökumətlə bağlı fəaliyyətlərə başlanılıb. KKTC Cümhurbaşqanı Ersin Tatar bununla bağlı Konstitusiyanın ona verdiyi səlahiyyət çərçivəsində bu gün və sabah prlamentdə təmsil olunan partiyaların genel başqanları ilə görüşəcək.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatar oktyabrın 19-u yerli vaxtla saat 13:30-da Ulusal Birlik Partiyası, 14:00-da Cümhuriyyətçi Türk Partiyası, saat 14:30-da isə Halqın Partiyasının genel başqanları ilə ayrı-ayrılıqda görüşəcək. Oktyabrın 20-də isə saat 11:00-da Toplumcu Demokrat Partiyası, 11:30-da Demokrat Partiyası və 12:00-da Yenidən Doğuş Partiyasının genel başqanları ilə görüş olacaq.
E.Tatar daha çox məsləhətləşmə və qarşı tərəfin mövqeyinin öyrənilməsi xarakteri daşıyan bu görüşün nəticəsində yeni hökumətin qurulması səlahiyyətinin hansı partiya sədrinə verilməsi barədə qərar qəbul edəcək. Amma böyük ehtimalla istənilən halda qurulacaq yeni hökumət seçim hökuməti olacaq.
Yəni, indiki halda KKTC parlamentində ən çox millət vəkilinə malik olan Ulusal Bilrik Partiyasıdır. Bu partiyanın KKTC-nin müstəqilliyinin əleyhinə olan partiyalarla koalisiya hökuməti qurması mümkün deyil. Üstəlik növbəti qurultayına hazırlaşan UBP-də erkən seçim və təkbaşına iqtidar əhval-ruhiyyəsi var. Bütün bunlara Ersan Saner hökumətinin istefasına səbəb olan “süni yetərsay problemi” faktını da əlavə etsək, o zaman KKTC-də ancaq seçim hökumətinin qurula biləcəyini deyə bilərik.
Böyük ehtimalla KKTC Cümhurbaşqanı yeni hökumət qurmaq səlahiyyətini UBP genel başqanı və hazırda baş nazir səlahiyyətlərini icra edən Ersan Sanerə verəcək. E.Saner isə parlamentdəki bitərəf deputatlara da kabinetdə portfel verməklə müvəqqəti seçim hökuməti quracaq. Beləliklə də, KKTC bu ilin sonu, yaxud gələn ilin əvvəli erkən seçimə gedəcək. Bu seçimin də qalibi böyük ehtimalla UBP olacaq. Çünki istər digər sağyönümlü partiyalar daxilində cərəyan edən xoşagəlməz olayalar, istərsə də məhz UBP-nin şinelindən çıxmış E.Tatarın Cümhurbaşqanlığı dönəmində atılan qətiyyətli addımlar seçicilərin məhz UBP-yə səs verməsinə səbəb olacaq.