Press "Enter" to skip to content

Ceyhun Bayramov Slovakiyalı həmkarı ilə görüşüb

Bayraqdar.info – Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlər bir sıra istiqamətlər üzrə uğurla inkişaf edir. Bunu xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycana rəsmi səfəri çərçivəsində Slovakiyanın xarici işlər naziri İvan Korçok ilə görüşüb. Nazirlər arasında təkbətək başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Bu barədə bayraqdar.info-ya oktyabrin 19-da Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan və Slovakiya arasında siyasi dialoqu yüksək qiymətləndirib.İki ölkə arasında əməkdaşlığın bir çox sahələrdə inkişafı potensialı vurğulanıb. Hər iki ölkənin münasibətlərinin əsasında beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinin dayandığı bir daha vurğulanıb.

C.Bayramov ikitərəfli iqtisadi münasibətlərin inkişafının əhəmiyətini və bu sahədə mövcud olan potensialı qeyd edərək, cari səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Slovak Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığa dair Sazişin imzalanmasının, habelə Biznes Forumunun keçirilməsinin iqtisadi əməkdaşlığın inkişafına ciddi töhfə verəcəyinə inamını ifadə edib.

Nazir İvan Korçok səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan Prezidenti ilə keçirilən görüşə və aparılan müzakirələrə məmnunluqla istinad edib. Ərazi bütövlüyünə hörmət prinsipinin Slovakiya üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına təkan verdiyini söyləyən nazir, bu xüsusda Azərbaycan Milli Məclisinin spikerinin Slovakiyaya baş tutan səfərini qeyd edib. Nazir Korçok iqtisadi münasibətlərin inkişafı potensialını vurğulayıb və bu istiqamətdə birgə səylərin və konkret tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini bildirib. O, ölkəsinin Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq prosesində iştirakı marağını ifadə edib.

Nazir C.Bayramov Slovakiyalı həmkarına bölgədə mövcud olan son vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Slovakiyadan sifarişimiz əsasında alınacaq mina təmizləmə maşınlarının ilk hissəsinin yaxın zamanda Azərbaycana gətiriləcəyi qeyd olunub. Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədiyi və mina təhlükəsinin insanların həyatına birbaşa təhdid doğurmaqda davam etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Dost və tərəfdaş ölkələrin iştirakı ilə mina təmizləməsi işlərinin sürətlə davam etdirildiyi Slovakiya nazirinin diqqətinə çatdırılıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.