Press "Enter" to skip to content

“Azərsu” yeni layihənin icrasına başlayıb

Bayraqdar.info – Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihənin icrasına başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində, həmçinin ətraf qəsəbələrdə icra olunan layihə çərçivəsində binaların  daxilində yerləşən dik qayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, hər bir abonent sayğacla təmin olunur.

Bu barədə bayraqdar.info-ya oktybarın 19-da “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, istehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə həyata keçirilən layihə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai və Qaradağ rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda sovet dövründə tikilmiş 430 yaşayış binasını və bəzi ərazilərdə fərdi yaşayış evlərini əhatə edir. Bu məqsədlə mənzillərdə və fərdi yaşayış evlərində 28 minədək sayğacın quraşdırılması nəzərdə tutulur. İcrasına cari ilin sentyabr ayında başlanmış layihə çərçivəsində artıq 3 mindən çox sayğac quraşdırılıb.

Vurğulanır ki, təsdiqlənmiş layihəyə uyğun olaraq podratçı şirkətlər tərəfindən yeni çəkilmiş su xətləri mənzillərin daxilində mövcud sistemlərə birləşdirilir. Bəzi hallarda vətəndaşlar mənzillərin daxilində layihədə nəzərdə tutulmayan əlavə su xətlərinin çəkilməsi və ya digər işlərin görülməsini tələb edirlər. Belə olan halda vətəndaşlar həmin işləri podratçı təşkilatla qarşılıqlı razılaşma əsasında öz vəsaiti hesabına və ya kənardan usta cəlb etməklə həyata keçirə bilər. Mənzilin daxilində layihədə nəzərdə tutulmayan işlərin görülməsinə və vəsaitin ödənilməsinə görə “Azərsu” ASC heç bir məsuliyyət daşımır.

Qeyd edilib ki, yeni xətlərin çəkilməsi, sayğacların quraşdırılması və layihəyə uyğun olaraq mənzildaxili birləşmələrin görülməsinə görə abonentlərdən hər hansı ödəniş tələb olunmur. Vətəndaşlar belə hallarla qarşılaşarsa bu barədə “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etmələri xahiş olunur.

Mission News Theme by Compete Themes.