Bayraqdar.info – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və qrupun digər üzvləri arasında Ankarada görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 19-da MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Türkiyə Böyük Millət Məclisində keçirilən görüşdə iki qardaş ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, regional məsələlər, gündəlikdə olan digər aktual məsələlər müzakirə olunub.
Xəbərdə qeyd edilir ki, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyevin də daxil olduqları Azərbaycan parlament heyəti Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcək.
“Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi müzakirə ediləcək. Həmçinin, ölkələr arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Tədbirin sonunda mətbuat konfransı keçiriləcək”, – deyə xəbərdə bildirilir.