Bayraqdar.info – 2015-ci ildən Bakı Metropolitenində istismarda olan 81-760Б/761Б/763Б tipli yeni nəsil vaqonlardan ibarət daha bir qatar tərkibində ilk planlı qaldırma təmirinə başlanılıb.
Bu barədə bayraqdar.info-ya “Bakı Metropoliteni” QSC-dən xəbər verilib.
Xəbərdə bildirilir ki, ümumən metro qatarlarının texniki xidmət və təmirinin həcmi qət olunan məsafələrə görə müəyyən edilir və qatarların texniki vəziyyətindən asılı olmayaraq məcburi qaydada təmin edilməlidir. 2015-ci ildə gətirilmiş vaqonlar qaldırma təmirinə 560 min km-ə yaxın məsafə qət etdikdən sonra dayandırılmalıdır və məhz bu, istehsalçının müəyyən etdiyi texniki-istismar şərtidir. Sərnişin təhlükəsizliyi, eləcə də qatarların saz vəziyyətdə saxlanması baxımından Metropolitendə bu tələblərə istisnasız əməl olunmalıdır.
“Qaldırma təmirində dartı mühərriklərinin, güc inventorlarının, elektrik və elektron avadanlıqlarının, pnevmatik və mexaniki qovşaqların, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemlərinin elementlərini təftiş edir, xidmət göstərir və sınaqlarını keçirirlər. “6 ildir Metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarında ilk belə təmir işini 2020-ci ildə tədarükçü təşkilat olan Rusiyanın “Metrovaqonmaş-Servis”i yerinə yetirib. 2021-ci ilin ilk rübündə isə daha bir qatar tərkibini bu dəfə Metropoliten təmirçiləri həyata keçiriblər.
“Yeni tipli vaqonların təmiri üçün kadrların hazırlığına 2018-ci ildə başlanılıb. Metropolitenin mütəxəssisləri 2020-ci ilin yayında gətirilmiş 20 yeni vaqonun sazlama işlərini və sınaqlarını aparıblar.
“81-760 tipli vaqonların qaldırma təmirinin yüksək keyfiyyətlə aparılmasını təmin etmək üçün depoda müvafiq şərait də yaradılıb. Təmir üçün “Nərimanov” elektrik deposunun qaldırma sahəsində yeni avadanlıqlar və stendlər quraşdırılıb”, – deyə xəbərdə bildirilir.