Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar rayona səfər edərək ictimaiyyət nümayəndələri ilə görüşüblər.
Prezident və birinci xanımın səfəri zamanı Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşının əsası qoyulub. Dövlət başçısı görüş zamanı çıxış edib.
Görüşdə Füzuli rayonunun tanınmış şəxsləri iştirak ediblər. Onların arasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev, millət vəkilləri Aqil Abbas, Vüqar Bayramov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində postkonflikt ərazilərin bərpası elmi mərkəzinin rəhbəri Akif Musayev, Azərbaycan Milli Konservatoriyasının dosenti, Xalq artisti Elçin Həşimov, Əməkdar artist Qoçaq Əsgərov və digərləri olub.
BAMF prezidenti Umud Mirzəyev dövlət başçısı və birinci xanımla görüş təəssüratlarını AZƏRTAC ilə bölüşüb.
U.Mirzəyev öncə Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə başda şəhid anaları olmaqla bütün Azərbaycan xalqını, Ali Baş Komandanı, qazilərimizi, Azərbaycan Milli Ordusunu təbrik edib: “Bu günlə əlaqədar hər kəsə təbrik payı düşür. Həm də ona görə ki, Füzuli bir açar idi və onun işğaldan azad olunması müharibənin demək olar taleyini həll etdi. Hər kəs fərqində idi ki, artıq Azərbaycan ordusunu dayandırmaq mümkün deyil, ordu qələbəyə doğru gedir. Füzuli ən ağır döyüşlərin getdiyi bir məkan idi. Ermənilərin ən çətin keçilə biləcək səngərləri, dillər əzbəri olmuş Ohanyan səddi burada qurulmuşdu, hərbi birləşmələri daha çox bu istiqamətdə yerləşmişdi. Füzulini itirmək Ermənistanın terrorçu hərbi birləşmələrinin belinin qırılması demək idi. Ali Baş Komandanımızın rəhbərliyi altında çox düzgün qurulmuş hərbi plan bizi bu qələbəyə apardı”.
BAMF prezidenti dövlət başçısı ilə görüşü barədə də danışıb: “Füzulinin işğaldan azad olunmasından bir il keçir. Bu münasibətlə rayon ictimaiyyətini təmsil edən şəxslərə dəvət gəldi. Onların arasında mən də vardım. Ölkə prezidenti təxminən 30 nəfərlik bir heyətlə ötən gün Füzulinin yenidən qurulmasının təməlini qoydu. Təbii ki, tədbirdə iştirak üçün xüsusi seçim aparılmışdı. Onların çoxu Azərbaycanın son 30 illik qanlı-qadalı dövründə çəkdiyi zəhmətlərin müqabilində seçilmişdi. 30 il bir an da olsun dayanmamağıma, torpağımızın işğaldan azad olunması üçün inanaraq çalışmağıma baxmayaraq, Füzulidə keçirilən təməlqoyma mərasimində bir füzulili olaraq iştirak etdiyim üçün özümü şanslı hesab edirəm. Bilirəm ki, belə bir tədbirdə iştirak etmək çox böyük hadisədir. Əlbəttə ki, Füzulinin 130 minlik əhalisinin hər biri orada olmağa, bizi qələbəyə aparan Ali Baş Komandanla görüşməyə layiqdir. Bu 130 minin içərisindən seçilmək çox böyük bir şans idi”.
Umud Mirzəyev azad edilmiş ərazilərin, o cümlədən Füzuli şəhərinin, rayonun yenidən qurulacağına, əvvəlkindən də yaxşı olacağına əmin olduğunu bildirib: “Füzulinin bərpasının təməl daşı qoyuldu. Necə olacaq? Çox gözəl olacaq – buna əminəm. Mən səmimi keçən görüş zamanı Prezidentin sözlərində, simasında bir əzm, bir qətiyyət oxudum. Bu əzm və qətiyyəti biz bir il öncə müharibə gedən zaman da görürdük. O zaman dövlət başçısı bütün təzyiqlərə baxmayaraq, müharibədə qələbə çalmaq, sona qədər getmək əzmində idi. Bu gün isə o, azad edilmiş torpaqları yenidən bərpa etmək, dirçəltmək əzmindədir. Əminəm ki, Prezidentin ortaya qoyduğu qətiyyət tezliklə öz bəhrəsini verəcək, Füzuli sakinləri, Qarabağ sakinləri doğma yurd-yuvalarına qayıdacaqlar.
Burada iştirak edən adamlar – ağsaqqal sözü deyən, gənclər adından, mədəniyyətimiz adından çıxış edənlər oldu. Görüşdə mənə də çıxış etmək üçün imkan yaradıldı. Cənab Prezidentlə çox yaxın ünsiyyətimiz oldu. Mən də sözümü dedim, fikirlərimi çatdırdım. Qürurverici bir gün idi. Füzulinin layihəsi çox möhtəşəm bir layihədir. Bu layihə ilə bağlı demək olar ki, bütün detalları çox diqqətlə nəzərdən keçirdim. Təməlqoyma prosesində də bir ovuc betonu da mən təmələ tökdüm”.
“Füzulidə çoxsaylı obyektlərin açılışı oldu. Füzuliyə səfər çərçivəsində Prezident və birinci xanım çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısı Füzulidə ilk yaşayış binalarının təməlini qoyub. Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Həmçinin, onlar Füzulidə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Füzuli-Ağdam avtomobil yolunun, Füzulinin Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”in təməlqoyma mərasimində iştirak ediblər. Qeyd edim ki, Füzulidə Zəfər muzeyinin təməlqoyma mərasimi zamanı şəhərin mərkəzi hissəsində Füzuli Memorial Kompleksinin və ona bitişik Zəfər parkının salınacağı, İşğal muzeyinin, həmçinin yüksək bir məkanda Bayraq meydanının yaradılacağı barədə məlumat verilib.
Bu gün Füzulidə çox böyük quruculuq işləri gedir. Beynəlxalq hava limanı, Şuşaya qədər çox rahat yollar, işıq, su və s. infrastruktur layihələri həyata keçirilir. Bunların hamısı bir füzulili olaraq məni çox qürurlandırır. İnşallah ən böyük bayramımız və ən böyük tədbirimizi bu günlərdə – noyabr ayında Şuşanın azad olunmasıyla bağlı qeyd edəcəyik”.
Qeyd: Yazı, foto və video bayraqdar.info-ya Beynəlxalq Avrasiya Mətbuat Fondundan daxil olub.