Press "Enter" to skip to content

“Üçüncü günün adamı” Romada

Bayraqdar.info – Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin İtaliyada anılması ilə əlaqədar bu ölkədə silsilə tədbirlər keçirilir.

Bu barədə bayraqdar.info-ya oktyabrın 18-də ölkəmzin İtaliyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, silsilə tədbirlər çərçivəsində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Əməkdaşlarının həyat yoldaşları Assosiasiyası (ACDMAE) tərəfindən təşkil olunan ənənəvi Film Festivalında “Üçüncü günün adamı” tammetrajlı bədii filmi nümayiş etdirilib.

Filmin nümayişindən öncə çıxış edən ACDMAE-nin prezidenti Milena Guarino Padula və ACDMAE Film Festivalının təsisçisi Puççi Rastrelli məhz 2017-ci ildə “Əli və Nino” filminin nümayişi ilə ACDMAE-nin Film Festivalının keçirilməsi ənənəsinin başlandığını bildiriblər. Həmin filmin ACDMAE-nin üzvlərində və Festivala qatılanlarda Azərbaycanın zəngin tarixi və mədəniyyətinə böyük maraq oyatdığı qeyd edilib.

Natiqlər bu il Film Festivalının da “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə başlandığını və bunun Azərbaycan kino sənəti, eləcə də Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olmağa töhvə verəcəyindən əminliklərini bildiriblər.

Sonra çıxış edən ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 30 il və Vətən müharibəsinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından 1 il keçməsi ərəfəsində təşkil edildiyini vurğulayıb. Diplomat müstəqilliyimizin bərpasının ilk illərində Ermənistanın hərbi işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 1 milyondan artıq azərbaycanlıların 30 ilə yaxın doğma torpaqlarına qayıtmaqdan, öz doğmalarının məzarlarını ziyarət etməkdən belə məhrum olduqlarını bildirib. O, ötən ilin payızında Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə onların Vətən həsrətinə son qoyulduğunu deyib.

Diplomat nümayiş ediləcək filmin qəhrəmanınlarının hekayəsindən 30 ilə yaxın Vətən həsrəti ilə yaşamış 1 milyondan çox azərbaycanlının keçirdiyi ağır istirab və acılarının və hər an öz doğma topaqlarına qayıtmaq istəyinin nə qədər güclü olduğunu anlamağın mümkün olduğunu söyləyib.

Tədbir “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə davam edib. Tədbir iştirakçılarının böyük marağına səbəb olmuş bu film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb və Qarabağ həqiqətlərindən bəhs edir. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır.

Mission News Theme by Compete Themes.