Press "Enter" to skip to content

Türk Keneşi Baş katibindən Azərbaycana təbrik

Bayraqdar.info – “Bu gün, Türk Keneşinə hazırda sədrlik edən, bu qurumunun qurucularından olan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 30-cu ildönümünü qeyd edirik. Bu mühüm hadisə münasibətilə qardaş Azərbaycan hökumətini və xalqını təbrik etməkdən çox xoşbəxtəm.”

Bu sözlər Türk Keneşi Baş katibi Bağdad Amreyevin Azərbaycana ünvanladığı təbrik məktubunda öz əksini tapıb.

Türk Keneşi katibliyindən verilən məlumata görə, təbrikdə daha sonra deyilir: “Keçən il oktyabrın 18-dəki təbrikimizdə Türk dövlətləri olaraq Vətən müharibəsi zamanı qardaş Azərbaycan xalqının yanında olduğumuzu bildirmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək və bu torpaqlar üzərində suverenliyini təmin etmək üçün beynəlxalq hüquqa uyğun apardığı mübarizəsinə güclü dəstəyimizi ifadə etmişdik. Şükürlər olsun ki, bu il oktyabrın 18-ni, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yazdığı şanlı tarixin şahidi olmaqla, qürur və xoşbəxtliklə qeyd edirik.

Azərbaycanın 30 il ərzində keçdiyi yol, siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyiş, bölgəmizdə və ondan kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində oynadığı mühüm rol, xüsusilə də Türk dünyasının birlik və həmrəyliyini inkişaf etdirmək istiqamətindəki səyləri tək Türk dünyası tərəfindən deyil, bütün dünya tərəfindən təqib və təqdir olunur.

Qurucu üzvümüz Azərbaycan, son iki ildə böyük bir müvəffəqiyyətlə həyata keçirdiyi sədrlik görəvini 2021 -ci ilin noyabrında Türkiyəyə təhvil verməyə hazırlaşarkən, başda hötmətli Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan hökumətinin bütün nazirliklərinə, dövlət və özəl sektor təşkilatlarına Türk Keneşinin konkret nailiyyətlərlə yeni bir dövrə daşındığı bu məhsuldar dövrdə fasiləsiz dəstəyə görə minnətdarlığımızı bildirmək istərdik.

Bu münasibətlə səmimi təbriklərimi təkrarlamaqla Azərbaycan xalqına ölkənin hər tərəfində dalğalanan şanlı bayraq altında firavan və parlaq bir gələcək arzulayıram”.

Mission News Theme by Compete Themes.